"31 mart erməni təcavüzü nəticəsində Azərbaycan Dəmir Yolunun 240, 4 km. sahəsi işğal altına düşüb: Horadiz-Ordubad sahəsi üzrə 144 km. (o cümlədən Mehri rayonu üzrə 43, 4 km), Mincivan-Qafan sahəsi üzrə 39,1 km, Təzəkənd-Xankəndi sahəsi üzrə 51,0 km, Qazax-Barxudarlı sahəsi üzrə 6,3 km".
Unikal.org xəbər verir ki, bu haqda Modern.az saytına "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.
O, qeyd edib ki, işğal nəticəsində dəmir yolunun təsərrüfatlarına təxminən 45 mln. 060 min ABŞ dolları məbləğində ziyan dəyib: "Təsərrüfatlar üzrə dəyən ziyanın məbləği aşağıdakı kimidir:
Lokomotiv təsərrüfatı üzrə - 1992-ci ilin aprel ayından Mincivan dövriyyə deposu tamam dağıdılıb.
Depoda olan 10 ədəd müxtəlif markalı teplovoz blokadada qalmış, təqribən 14 mln. ABŞ dolları həcmində ziyan dəyib. Vaqon təsərrüfatına dəyən ziyanın təqribi miqdarı - 4 mln. 860 min ABŞ dolları məbləğindədir. Horadiz-Mincivan-Qafan -İmişli stansiyalarında olan vaqonların texniki-müayinə məntəqələri (TMM) , cari təmir sexləri, qaldırıcı mexanizmlər, vaqonların təmiri üçün xüsusi dalan yolları, xeyli miqdarda yük vaqonları və sairə texniki avadanlıqlar məhv edilib".
N.Əzməmmədovun sözlərinə görə, yol təsərrüfatı üzrə dəyən ziyanın miqdarı - 10 mln. 250 min ABŞ dolları təşkil edir: "Bura daxildir: istehsal gücü 200 min kub olan çınqıl zavodu, yol distansiyalarının emalatxanaları, drezinləri, qaldırıcı qurğuları, ağır maşın-mexanizmləri, inzibati binaları, yoldəyişdirici qurğuları, müxtəlif tipli relslər, böyük və orta körpülər, tunellər, qalereyalar, keçidlər və s. avadanlıqlar.
Daşıma Proseslərini İdarəetmə Birliyi üzrə işğal olunmuş stansiyalara Horadiz-Mincivan sahəsində dəymiş ziyanın təqribi miqdarı - 12 mln. 350 min ABŞ dolları məbləğindədir.
Rabitə və İşarəvermə, Enerji təchizatı təsərrüfatlarının Horadiz-Mincivan sahəsində dəymiş ziyanın təqribi miqdarı - 3 mln. 600 min ABŞ dolları təşkil edir.
Bura daxildir: 80 km. ikixətli xüsusi markalı kabellər, avtomatik bloklama sistemləri, rabitə və teleqraf qurğuları, yerli ATS, dispetçer mərkəzləşdirmə qurğusu, Mincivan-Bartaz , Mincivan-Xurama sahələrində olan birxətli avtomatik bloklama sistemləri, Mincivan-Zəngilan sahəsində rele yarımavtomat bloklama sistemi".