"Milli Şuranın mitinqi əvvəlkilərdən fərqlənmirdi. Hər şey eyni idi. Ora toplaşan insanlar Milli Şuradakıların qohum-əqrabaları idi".
Unikal.org xəbər verir ki, bunu "Report"a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
O, Milli Şuranın bu gün keçirdiyi mitinqə münasibət bildirərək qeyd edib ki, bəzi şəxslər aksiyada yersiz çıxışlar ediblər: "Pafoslu çıxışlar edirdilər. Deyilən fikirlər də çeynənmiş, köhnəlmiş idi. Korrupsiya ilə bağlı fikirlər səsləndirirdilər. Korrupsiyaya qurşanan Əli Kərimlinin özüdür. O, xaricə getmək istəyənlərə saxta vəsiqələr düzəldir. Əvəzində də 3-5 min avro pul alır. Mitinqdə çıxış edənlərin dediklərinə əhəmiyyət vermək lazım deyil. Onların mitinqi xalq tərəfindın boykot olundu".
YAP icra katibinin müavini bildirib ki, Milli Şura rəhbərliyi mitinqdə iştirak edənlərin sayını şişirdir və əsassız məlumatlar yayırlar: "Heç mitinqdə dedikləri qədər insan iştirak etməyib. YAP Nərimanov rayonunda ağacəkmə kampaniyası keçirdi. Kampaniyada mitinqdəkindən çox adam vardı. Xalq onlara inanmır. Xalq bilir ki, hökumət onların problemlərini həll edir. Ölkəmiz inkişaf edir, müstəqil siyasət yürüdür. Xalq öz dövlətinə, prezidentinə arxalanır. Xalq xaricdən maliyyə alan dəstənin arxasınca getməz".