"Bu ilin ilk 3 ayı ərzində qeyri-neft sektorunda 2,4 faiz artım olub, qeyri-neft sənayesində isə artım 2 faiz səviyyəsindədir. Kənd təsərrüfatı 3,5 faiz, bitkiçilik 20 faizdən çox artıb.
Unikal.org-un məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söyləyib.
Dövlət başçısı deyib ki, bu ilin birinci rübündə valyuta ehtiyatlarımız 1 milyard dollar artıb: "Bu gün valyuta ehtiyatlarımız 38,5 milyard dollar təşkil edir. Bu, önəmli bir məsələdir. Bu ilin ilk 3 ayı ərzində ticarət dövriyyəsi 15 faiz, ixrac təxminən 50 faiz, qeyri-neft ixracımız 10 faiz artıb. İdxal isə 17 faiz azalıb. İdxalın azalması, ixracın kəskin artması iqtisadi sabitliyimizi təmin edir. Ticarət dövriyyəmizin müsbət saldosu 1 milyard dollar səviyyəsindədir. Bu göstəricilər iqtisadi inkişafımızı aydın əks etdirir. Gələcəkdə də iqtisadi potensialımızı gücləndirəcəyik. Bu ilin birinci rübündə 85 min yeni iş yeri yaradılıb. Yeni iş yerlərinin yaradılması tək dövlət deyil, özəl sektorda da davam edir. Özəl sektorda 40 mindən çox yeni iş yeri yaradılıb. Bu, iqtisadi inkişafın təzahürüdür.