Azərbaycan Dövlət Dəniz Administrasiyasının (ARDDA) yaranmasından 10 il ötür.

 

Unikal.org-un məlumatına görə, 20 aprel 2006-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin 395 saylı Fərmanı ilə təsdiqlənmiş Əsasnaməyə müvafiq olaraq Azərbaycan Dövlət Dəniz Administrasiyası (ARDDA) mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası ərazisində dəniz nəqliyyatı sahəsində müəyyən edilmiş qaydada dövlət siyasətini və tənzimlənməsini həyata keçirir. Azərbaycan Respublikası 15 may 1995-ci il tarixindən Beynəlxalq Dəniz Təşkilatının (BDT) üzvüdür. Dövlət Dəniz Administrasiyası BDT ilə sıx əlaqə yaradaraq təşkilatın iclaslarında, şuralarında və asambleyalarında yaxından iştirak edir. Bu günədək ARDDA tərəfindən hazırlanaraq Milli Məclisə təqdim olunmuş 18 Beynəlxalq Konvensiya və həmin konvensiyalara 8 Protokol ali qanunverici orqan tərəfindən qəbul olunmuşdur. ARDDA bu konvensiyaların Azərbaycan Respublikasında yerinə yetirilməsinə dair BDT-yə mütəmadi olaraq hesabatlar verir.

 

2015-cü il Dövlət Dəniz Administrasiyası üçün çox uğurlu olub. Bunu qurumun ötən ilə dair hesabatından da görmək olar. Belə ki, Administrasiya fəaliyyətində qabaqcıl ölkələrin dəniz nəqliyyatı sahəsindəki təcrübəsini öyrənməklə, bu təcrübənin tətbiqi məsələlərinə xüsusi yer ayırıb. Beynəlxalq Dəniz Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, Avropa İttifaqı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, NATO və s. kimi beynəlxalq qurumlarla əlaqələr genişləndirilib.Hesabat dövrü ərzində Azərbaycan Respublikasına mənsub dəniz limanlarına 16401 gəminin girişi və 16479 gəminin çıxışı rəsmiləşdirilib, xarici dövlətin bayrağı altında üzən 645 gəmiyə bələdçi xidməti göstərilib.

Administrasiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və "Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə"ni rəhbər tutur.

 

Azərbaycan Dövlət Dəniz Administrasiyası bundan sonra da fəaliyyətini yüksələn xətt üzrə davam etdirəcək.