Mingəçevir ərazisində 3-4 milyon il bundan əvvəl yaşadığı güman edilən nəhəng heyvana məxsus sümüklər aşkarlanıb.
Unikal.org xəbər verir ki, bu barədə "Reporta" Mingəçevir Dövlət Rəsm Qalereyasının müdiri Böyükkişi Vəliyev məlumat verib.
Onun sözlərinə görə, cənub filinə aid sümük qalıqları Mingəçevir su anbarının yaxınlığında tapılıb: "Ərazidən cənub filin diz və kürək sümükləri, dişlərinin bir neçə fraqmenti, başın tam hissəsi, çənə, onurğa sütununun fəqərəsi aşkarlanıb. Suda olan sümüklərin sonradan sahilə çıxdığı ehtimal olunur. Tapıntılar üzərində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnistitunun mütəxəssisləri tərəfindən tədqiqat aparılıb. Məlum olub ki, sümüklər 3-4 milyon il bundan əvvəl yaşayan və 1-1,5 ton çəkiyə malik olan nəhəng cənub filinə aiddir".
Həmin tapıntıların bir hissəsi Mingəçevir şəhər Tarix Muzeyinə təqdim edilib. Mingəçevir şəhər Tarix Muzeyinin direktoru Nofəl Məmmədəliyev isə "Report"a bildirib ki, 10 il əvvəl də Mingəçevir ərazisindən, Kürün sol sahilindən fil sümükləri tapılıb: "Həmin sümüklərin cənub fillərinə məxsus olduğunu alimlər də təsdiqləyib. Cənub filləri 500 min il əvvəl yaşayıb və onların nəsli kəsilib".
O, Mingəçevirdə cənub fillərinə məxsus məzarlığın olmadığını, əvvəllər tapılan fil sümüklərinin sel zamanı Kür çayı vasitəsilə başqa yerdən Mingəçevirə gəldiyini deyib: "Sonradan suyun səviyyəsi aşağı düşdüyündən sahildən sümüklər tapılmışdı. Həmin sümüklər hazırda muzeyin eksponatları arasında sərgilənir".