İrəvanda oğurluq dolma festivalı
İrəvanda oğurluq dolma festivalı

Tehranda isə mədhiyyə məclisi

Mən bir yazar kimi erməni psixologiyasını tam başa düşürəm. Erməni tarixinin atası sayılan Movses Xorenatsinin (V) yazdığına görə, erməni tayfası Balkanlardan qovulanda Hay, təxminən, 300 nəfərlik dəstə ilə Kiçik Asiyaya, yəni indiki Anadolu ərazisinə, oradan isə Cənubi Qafqaza gəlib. Bu azsaylı tayfa tədricən Günəş altında özünə sığınacaq axtararaq başını dolandırıb.

Azərbaycan və erməni mədəniyyətlərini müqayisəli şəkildə nəzərdən keçirəndə elementar bir həqiqət meydana çıxır: ermənilər tarixən onlarda formalaşmış natamamlıq kompleksini qonşu xalqların, birinci növbədə isə Azərbaycan türklərinin israfla sağa-sola səpələdiyi mental enerjinin hesabına zənginləşdirməyə çalışıblar. Təkcə bu faktı oxucunun yadın salaq ki, orta əsrlərdən başlamış XX əsrə qədər 300-dən çox erməni aşığı Azərbaycan türkcəsində yazıb yaratmışdır. Məşhur Sayat Novanı da bu sıraya qoşanda ermənilərin Azərbaycan mədəniyyətinə nə qədər susadığı məlum olur.
Söhbəti genişləndirmədən qeyd edək ki, Azərbaycan dili ermənilər üçün nümunəvi ədəbi ifadə vasitəsi rolunu oynayıb. O cümlədən də Azərbaycan musiqisi və muğamları. Eynilə latın dilinin Avropa xalqları üçün oynadığı rol kimi.
Bu mənimsəmələr silsiləsinin davamı və məntiqi nəticəsi olaraq dünən Ermənistanda Azərbaycan mənşəli daha bir xörəyə - dolmaya həsr edilmiş festival keçirib.
Onları başa düşmək olar: Azərbaycanda beynəlxalq musiqi və muğam festivalları keçirilir, İrəvanda isə bizim dolmanın festivalı...
Ermənistan mətbuatının yaydığı məlumata görə, festival “Erməni kulinariyası adətlərinin inkişafı və qorunması” təşkilatı təşkil edib.
Sarandapatda keçirilən festivalda müxtəlif restoranlarla bərabər adi insanlarda iştirak edib. 20 pavilyonda ermənilərin oğurladığı dolmanın 50 növü hazırlanıb. Ancaq Ermənistanda keçirilən bu festivalda iflasa uğrayıb desək yanılmarıq. Belə ki, hələ festival başlamamış milli türk yeməyi olan dolma üstündə dava düşüb.
Festival erməni xislətini bir daha üzə çıxarıb. Festivaldan belə pul qazanmaq istəyən ermənilər əhaliyə festival çərçivəsində hazırlanan dolmanı pulla satıblar. Bu isə dolma dadmaq üçün festivala gələnlərin narazılığına səbəb olub.
Başqalarının dəyərlərini oğurlamağa adət edən ermənilərin keçirdikləri festival hətta iştirakçıları da narazı salıb. Ağır vəziyyətdə olan və dolma yemək üçün festivala gələn ermənilər bir neçə dəfə yeməyə, gələ bilməyən qohum qardaşları üçün dolma aparmağa çalışıblar. "Onlar əlavə yemək tələb edir, baba, dayı və başqaları üçün sellofanlarla dolma aparırdılar. Bəzilərinə isə dolma çatmır" - deyə iştirakçılardan biri deyib.

Tehrandakı mədhiyyə
festivalında isə...

Di gəl ki, Azərbaycan insanı, daha doğrusu, qadını Tehranda İranın dini rəhbəri Xamneyiyə üzünü tutaraq ona həsr etdiyi bir mədhiyyə oxuyub.
Bu da bizim reallığımızın astar üzüdür və faktdır...
Belə ki, Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədovun xanımı Mehparə Səmədova İranda bu ölkənin dini rəhbəri ayətullah Əli Xamneyinin keçirdiyi görüşdə iştirak edib.
İran saytları yazır ki, görüş iyulun 11-i Tehranda keçirilib. Dini liderin görüşünə qatılanlar “İslami oyanış və qadınlar” mövzusunda keçirilən beynəlxalq toplantının iştirakçıları olub.
Qəbulda söz alan Mehparə Səmədova öncə Azərbaycan dilində ayətullah Xamneyiyə deyib ki, qızı Zəhraxanım ona şeir yazıb. Daha sonra Mehparə Səmədova qızının yazdığı şeri əlindəki kağızdan fars dilində oxuyub.
Onun dediyinə görə, şeri qızı Zəhraxanım ayətullah Əli Xamneyiyə yazıb.
Ey vilayətin parlaq ulduzu,
Ey hidayət və səadətin yolu,
Ey İranın qamətinə hündür dağ,
Ey üsyanlar qarşısında möhkəm dayanan,
Sizi görməkdən sevinmişik,
Biz Xomeyni ruhunun aşiqi olmuşuq.
(İran İslam Respublikasında vilayəti-fəqih vəzifəsini daşıyan vəliyi-fəqih ayətullah Xamneyi nəzərdə tutulur).
Görüşdən video yayan "İslamazeri.az” saytı tədbirdə başqa azərbaycanlı xanımların da iştirak etdiyini xəbər verir.
Xatırladaq ki, Mövsüm Səmədov ötən il yanvarın 2-də Azərbaycan İslam Partiyası Baş Məclisinin iclasında çıxış edərək məktəblərdə hicaba qadağa qoyulmasını kəskin pisləyib və hakimiyyətin ünvanına ittihamlar səsləndirib. Məhəmməd Peyğəmbərdən “dinə tərəf bəla gəlsə, canınızı verin, dininizi qurtarın” deyə sitat gətirən AİP lideri Azərbaycan xalqını “ayağa qalxmağa və zalım rejimə son qoymağa” çağırıb.
Sən demə, İrandakı molla rejimi kommunizm qurubmuş və Azərbaycan xalqı da buna həsrət qalıbmış...
Həmin il yanvarın 7-də Azərbaycan İslam Partiyası üzvlərinin və bəzi dindarların həbsi başlayıb. Mövsüm Səmədov yanvarın 8-də polisə tabe olmamaq ittihamı ilə 13 sutka iş alıb. Yanvarın 20-də Mövsüm Səmədova ittiham irəli sürülüb. O, hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama və başqa cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.
Xaliq