Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əsas tədris korpusunun əsaslı təmirdən sonra açılışı olub.
Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva açılışda iştirak edib.
Təhsil naziri Mikayıl Cabbarov və universitetin rektoru, professor Fərəh Əliyeva əsaslı təmirdən sonra tədris korpusunda yaradılan şərait barədə xanım Mehriban Əliyevaya məlumat veriblər.
Bildirilib ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) əsasını 1923-cü ildə yaradılan Bakı Teatr Məktəbindən götürüb. Universitet dördmərtəbəli binaya 1997-ci ildə köçüb. İndiyədək burada heç vaxt əsaslı təmir işləri aparılmamışdı. Bu ali məktəbin tədris korpusu əsaslı təmirdən sonra müəllimləri və tələbələri qəbul etməyə hazırdır. Ali təhsil ocağında təmir işlərinə düz bir il əvvəl - 2016-cı ilin mayında başlanılıb. Universitetdə 2 mindən çox tələbə təhsil alır, 300-ə yaxın pedaqoq çalışır. Ali təhsil ocağının beş - rəssamlıq, kulturologiya, musiqi sənəti, kino və televiziya, teatr fakültəsi var. Bu korpusda isə üç fakültə fəaliyyət göstərir.
Xanım Mehriban Əliyeva korpusun foyesində quraşdırılan "Rəşadətli Azərbaycan Ordusu adlı stendə baxıb. Burada 2016-cı ilin 2-5 və 27-28 aprel tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dağılan evləri və dinc əhaliyə dəyən ziyanı əks etdirən fotolar yer alıb. Stenddə Prezident, Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın cəbhə bölgəsinə səfərləri, həmçinin düşmənin darmadağın edilməsini əks etdirən fotolar təqdim olunur.
Birinci vitse-prezident Mehriban Əliyeva tədris korpusundakı "Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbində yaradılan şəraitlə də maraqlanıb.
Heydər Əliyev Mərkəzi 2015-ci ildən etibarən Ulu Öndərin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin, irsinin dərindən öyrənilməsi, inkişaf etdirilməsi, tədqiqi və daha geniş auditoriyalarda təbliği, gənclərin tarixi keçmişinə bağlı ruhda böyüməsi, onlara vətənpərvərlik hisslərinin aşılanması məqsədilə Heydər Əliyev məktəblərinin yaradılması layihəsini həyata keçirir. Layihə çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində də "Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi yaradılıb. Bu Məktəbdə nümayiş olunan ekspozisiyalar və məlumatlar üzrə foto, video və çap materiallarının toplanması, sistemləşdirilməsi və müvafiq bölmələrdə yerləşdirilməsi ilə bağlı kompleks işlər görülüb. Bununla əlaqədar Azərbaycan Dövlət Kino-Foto Sənədlər Arxivindən, Azərbaycan Dövlət İnformasiya Agentliyindən (AZƏRTAC), Prezident Administrasiyasının foto-arxiv şöbəsindən ulu öndər Heydər Əliyevə, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətinin yeni dövrünə aid 150-yə yaxın foto seçilərək müvafiq bölmələrdə yerləşdirilib və xüsusi elektron lövhələrdə interaktiv şəkildə təqdim edilir.
Universitetdə kitabxana-informasiya mərkəzi də qurulub. Ali təhsil müəssisəsinin kitabxana fondunda 40 mindən çox ixtisas ədəbiyyatı var. Onlardan 21 mini məhz bu mərkəzdə yerləşir. Universitetin kitabxanasında Heydər Əliyevin zəngin irsini, Prezident İlham Əliyevin siyasi fəaliyyətini, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın mədəniyyətə və incəsənətə diqqət və qayğısını əks etdirən 70-yə yaxın kitab var.
Azərbaycanın Birinci vitse-prezidenti universitetdəki kiçik səhnə ilə də tanış oldu. Məlumat verildi ki, əvvəllər burada normativlərə uyğun olmayan zal var idi. İndi isə ən müasir avadanlıqla təchiz edilən səhnə qurulub. Təmirdən sonra tədris korpusu ən müasir işıq və səs avadanlığı ilə təchiz olunub, 10-a yaxın yaradıcılıq otağı yaradılıb. Zirzəmidə inventar otaqları, səsyazma studiyaları, operator otaqları, musiqi zalı yerləşir.
Universitetdə Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan "SABAH qrupları da fəaliyyət göstərir. "SABAH qrupları layihəsindən məqsəd xüsusi istedadı ilə seçilən və təhsildə göstəricilərinə görə fərqlənən tələbələrə yüksək keyfiyyətli təhsil almaq üçün əlverişli şəraitin yaradılmasıdır. Universitetin 31 tələbədən ibarət bu qrupu artıq qastrol səfərlərinə də gedir. Onlar Lənkəranda, Mingəçevirdə və Polşada olublar. "SABAH qrupu üçün mütəmadi olaraq ustad dərsləri də təşkil edilir.
Məlumat verildi ki, korpusun müxtəlif mərtəbələrində kino və televiziya ixtisasları üzrə xüsusi işıq və səs avadanlıqları ilə təchiz olunan səhnəli 11 auditoriya, televiziya ixtisası üzrə tədris studiyası, auditoriyalar, zallar, iş və dərs otaqları var. Burada tələbələr müxtəlif əsərləri səhnələşdirəcək, çəkilişlər aparacaqlar. Tələbələr yaratdıqları əsərlərə sonradan elə həmin otaqlarda qurulan ekranlar vasitəsilə baxıb, onları müzakirə edə biləcəklər.
Əsaslı təmirdən sonra ali təhsil ocağında yaradılan şəraitdən məmnunluğunu bildirən Birinci vitse-prezident xanım Mehriban Əliyeva universitetə fəaliyyətində uğurlar arzulayıb.
17:08
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əsas tədris korpusunun əsaslı təmirdən sonra açılışı olub.
Unikal.org-un məlumatına görə, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva açılışda iştirak edib.
Təhsil naziri Mikayıl Cabbarov və universitetin rektoru, professor Fərəh Əliyeva əsaslı təmirdən sonra tədris korpusunda yaradılan şərait barədə xanım Mehriban Əliyevaya məlumat veriblər.