Azərbaycan dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquqlarına təminat verən demokratik cəmiyyət nümunəsini təqdim edir.
Unikal.org-un məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Sivilizasiyalar arasında mədəni körpülərin qurulmasında parlamentlərin rolu adlı panel sessiyasında çıxışı zaman deyib.
Z.Əsgərov bildirib ki, dünyada dövlətlər arasında ixtilafların aradan qaldırılmasının ən səmərəli vasitələrindən biri mədəniyyətlərarası dialoq vasitəsilə sivilizasiyaların bir-birinə yaxınlaşmasıdır: "Parlament diplomatiyası bu istiqamətdə mühüm rol oynaya bilər. Azərbaycan Milli Məclisi mədəniyyətlərarası dialoqun inkişafı üçün bütün imkanlardan istifadə edir. Milli Məclis 80 ölkənin parlamentləri ilə münasibətlər qurub, Azərbaycanın multikuturalizm ənənələrini dünyada təqdim etmək üçün lazım olan işləri görür. Azərbaycan dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquqlarına təminat verən demokratik cəmiyyət nümunəsini təqdim edir. Azərbaycanda mədəniyyətlərarası dialoq və multikulturalizm dövlət səviyyəsinə qaldırılıb. Azərbaycanda müxtəlif dinlərin nümayəndələri dost və mehriban şəraitdə yaşayır. Eyni zamanda təəssüflə qeyd edilməlidir ki, Azərbaycan ərazilərinin 20 faizini 25 ildən artıqdır işğal altında saxlayan Ermənistan bu münaqişəni xristian-müsəlman qarşıdurması kimi qələmə verərək dinlərarası münasibətləri gərginləşdirməyə çalışır. Ancaq Ermənistanın bütün bu cəhdləri həmişə olduğu kimi boşa çıxacaq".
Qeyd edək ki, Bakıda "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Mayın 6-dək davam edəcək Forum çərçivəsində keçirilən sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Bolqarıstanın vitse-prezidenti, YUNESKO, İSESKO, İslam Əməkdaşlıq Təşkilatı, QDİƏT, İRSİKA, Ərəb Maqreb Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və TÜRKSOY-un baş katibləri, Malinin Prezidenti və birinci xanımı, Efiopiya və Ruandanın birinci xanımları, Türkiyə, Rusiya, Gürcüstan, Qətər, Makedoniya, Misir, Efiopiya, İraq, Cənubi Sudan, Sudan, Mavritaniya, Monteneqro, Seyşel Adaları, Tacikistan və Keniyanın mədəniyyət nazirləri iştirak edirlər.
Forum artıq 4-cü dəfədir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş "Bakı prosesi təşəbbüsü çərçivəsində təşkil olunur.