Mayın 6-dan Lənkəran şəhərində Avropa İttifaqının Bakı nümayəndəliyinin və Lənkəran şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Avropa günü" (Şuman günü) başlayıb.

Bu ilki "Avropa günü" Avropa İttifaqının əsasını qoyan Roma Müqaviləsinin 60 illiyinə həsr olunub.

Unikal.org-a daxil olan məlumata görə, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi ilə yanaşı, Avropa İttifaqına üzv olan 15-dən artıq ölkənin səfir və nümayəndələri Lənkəranda tədbirə qatılaraq ölkələrini təmsil edirlər.

Tədbir iştirakçıları Lənkəran Dövlət Universitetində dil kurslarının açılış mərasiminə qatılmaqla, həmçinin şəhərin Heydər Əliyev Mərkəzində sərgiyə baxış keçiriblər. Daha sonra Gənclər mərkəzində film nümayiş etdirilib.

Lənkəran Mədəniyyət Mərkəzində tələbə komandaları arasında keçirilən viktorina da böyük marağa səbəb olub.
Axşam saatlarında Heydər Əliyev Mərkəzində Bakı Filarmoniyasından "Kosmosdan səs - Mariya Kallaszız 40 il" italyan/yunan operasının qala konsertinə canlı yayımla baxılıb. Sonra "Dörd Fəsil" istirahət mərkəzində yerli sənətçilərin iştirakı ilə şənlik təşkil olunub.

Qeyd edək ki, 60 il bundan əvvəl II Dünya Müharibəsindən sonra sülh və firavanlıq naminə təsis edilmiş Avropa İttifaqı hələ də unikal inteqrasiya layihəsi kimi qalmaqdadır. Bu gün 500000 insanı təmsil edən təşkilat Avropanın ümumi dəyərlərinin demokratik standartların və vətəndaşlarının yüksək həyat keyfiyyətinin güclü təbliğatçısıdır. Aİ bütün dünyada aparıcı ticarət tərəfdaşı və xarici investora çevrilib. Qurumun Azərbaycanla iqtisadi, siyasi və mədəni əlaqələri gündən-günə inkişaf etməkdədir. Builki "Avropa günü"nün məhz Azərbaycanda keçirilməsi buna əyani sübutdur.
"Avropa günü" tədbirləri davam etdirilir.

15-dən artıq ölkənin səfir və nümayəndələri Lənkərana toplaşdı - FOTO