Ötən gün 85 yaşında vəfat edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, kimya elmləri doktoru, professor, əməkdar elm xadimi Rəfiqə Əlirza qızı Əliyeva ilə keçirilən vida mərasimi başa çatıb.
Vida mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Unikal.org xəbər verir ki, mərhum I Fəxri Xiyabanda torpağa tapşırılıb.
14:05
Ötən gün 85 yaşında vəfat edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, kimya elmləri doktoru, professor, əməkdar elm xadimi Rəfiqə Əlirza qızı Əliyeva ilə vida mərasimi keçirilir.
Unikal.org xəbər verir ki, mərhumun cənazəsi vidalaşmaq üçün 16.00-dək AMEA-nın dairəvi zalında (Hüseyn Cavid prospekti, 31) qoyulub.
Rəfiqə Əliyeva 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində anadan olub. O, orta məktəbi bitirdikdən sonra ali təhsilini 1951-1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində alıb.
Əmək fəaliyyətinə 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunda başlayan Rəfiqə Əliyeva 1957-ci ildən etibarən Azərbaycan Dövlət Universitetində, 1958-1960-cı illərdə isə Azərbaycan Elmlər Akademiyasının Kimya Problemləri İnstitutunda kiçik elmi işçi kimi çalışmışdır. 1960-1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinin aspiranturasında təhsil alan Rəfiqə Əliyeva 1964-cü ildən ömrünün sonuna qədər universitetin analitik kimya kafedrasında işləmiş və burada assistent, baş müəllim, dosent, professor vəzifələrini tutmuşdur. O, 2001 ci ildən "Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasına rəhbərlik edib.
Rəfiqə Əliyeva 1970-ci ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyalarını müdafiə etmiş və həmin ildə professor adına layiq görülüb. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib.
Ömrünü kimya elminə həsr etmiş Rəfiqə Əliyeva bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasına bütün bilik və bacarığını sərf etmişdir. Yarım əsrdən artıq pedaqoji fəaliyyətlə məşğul olan alimin araşdırmaları analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığın müəyyən edilməsinə həsr olunub. Rəfiqə xanımın ətraf mühitin mühafizəsi ilə bilavasitə bağlı olan bir sıra tədqiqatları, eyni zamanda, üzvi reaktivlərin köməyi ilə metalların təyini və onların ayrılması metodikasının işlənib hazırlanmasına yönəlib. Ekologiyanın aktual problemləri ilə bağlı işləri isə ölkəmizin davamlı inkişafının təmin olunmasına öz töhfəsini verib.
450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifi olan Rəfiqə Əliyeva bir sıra elmi şuraların və cəmiyyətlərin üzvü olmuşdur. Alimin rəhbərliyi altında 20-dən çox fəlsəfə və elmlər doktorları yetişdirilib.
Tanınmış kimyaçı alim Rəfiqə Əliyevanın məhsuldar elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatı - "Şöhrət ordeni ilə təltif edilib.
Tanınmış pedaqoq və alim Rəfiqə Əliyevanın xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.