Bu günə qədər ən yaxşı delikates və ya səhər yeməyi sayılan pendirin ziyanı üzə çıxıb.
Unikal.org xəbər verir ki, ən yaxşı pendir istehsalçısı ölkələrindən biri olan İsveçrə mütəxəssisləri bu fikirdədirlər. İndi Molla Nəsrəddin demiş: "Pendir varsa, xeyirlidir, yoxsa onda ziyanlarını saymaq olar". Amma məsələ burasındadır ki, İsveçrə pendirdən boldur, elə isə niyə bu lazımlı, gəlirli məhsulu gözdın salır? Əvvəlcə onu qeyd edək ki, isveçrəli mütəxəssislərin sözlərinə görə, pendirdən davamlı istifadə insanın orqanizmini antibiotiklərə qarşı müqavimətli edir. Çünki pendirin əsasını təşkil edən südün tərkibində onsuz da antibiotiklər çoxdur. Ona görə də insan bədəni zəifləyib, xəstələnəndə daha güclü dərman praparatlarına üz tutmalı olur ki, bu da orqanizmin ümumi balansı üçün ziyanlıdır.
Amma bu açıqlamaya skeptik yanaşanlar deyir ki, hazırda İsveçrədə pendirin hazırlanma prosesi gedir, yəni satışda demək olar ki, anbardakı son məhsullar qalıb. İsveçrə də Almaniya kimi pendiri əl əməyi ilə fermer təsərrüfatlarında hazırlamağa üstünlük verir. Çünki avropalılara görə müasir texnika dəyən pendirin ləzzəti olmur. Onlar pendiri saatlarla bişirib, günlərlə tənzif və ağır daşların köməyi ilə süzürlər. Ona görə də proses uzun çəkir. Araya başqa rəqiblərin girməməsi üçün müvəqqəti olaraq pendirə "ziyanlı" ad vermək işə yarayır. Sonra pendir hasil olanda, yenidən alimlər onu xeyirli məhsul kimi təbliğ edərlər. Demək uzaqgörən molla çox haqlıymış... (publika.az)