Bu gün Dövlət Gömrük Komitəsində (DGK) ümummilli lider Heydər Əliyevinin anadan olmasının 94 illiyi ilə bağlı tədbir keçirilib.

Unikal.org xəbər verir ki, tədbiri giriş sözü ilə açan DGK sədri Aydın Əliyev ilk öncə bu gün Şuşanın işğal olunduğu gün olduğunu xatırladıb. O, bu gün Azərbaycan xalqının çoxlu sayda şəhid verdiyi xatırladıb.
Şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb.
O qeyd edib ki, artıq DGK tərəfindən Heydər Əliyevin doğum gününün qeyd edilməsi ənənə halını alıb. "Heydər Əliyev olmasaydı, bugünkü Azərbaycan olmazdı. Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan böyük ərazilərini itirmiş olardı", - deyə A.Əliyev bildirib.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da Heydər Əliyevlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. O, Heydər Əliyevin SSRİ dövründə Azərbaycan SSRİ-yə, ardından isə müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdən danışıb: "Heydər Əliyev Azərbaycanın müstəqilliyə gedən yolun əsaslarını yaradıb. Azərbaycan yenicə müstəqillik qazanan zaman böyük bir dövlətin çökmək təhlükəsi ilə üz-üzə idi. Həmin dövrdə Heydər Əliyev kimi siyasətçi olsaydı, bu gün bəzi tarixi faciələr olmazdı. Lakin Heydər Əliyev sübut etdi ki, o bir məktəbdir. Heydər Əliyev azərbaycançılıq ideyasını yaşadan insandır. İlham Əliyev isə bu ideologiyanın davamçısıdır və bu missiyanı layiqincə davam etdirir".

Tədbirin ikinci hissəsində DGK-nin bir sıra əməkdaşlarına orden və medallar təqdim edilib.

Tədbirin sonunda Heydər Əliyev haqqında qısametrajlı film nümayiş olunub.

"Bir neçə gündən sonra Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları start götürür. Biz yaddan çıxarmamalıyıq ki, gömrük orqanlarının funksiyaları iqtisadi təhlükəsizlikdən ümumi təhlükəsizlik səviyyəsinə qədər artıb". Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.

Bir müddət öncə türkiyəli iş adamları "Sınıq Körpü" gömrük keçid məntəqəsində yüklərin yoxlanılması prosedurunun sadələşdirilməsi ilə bağlı təkliflər verib. Bu təklifə münasibət bildirən A.Əliyev bildirib: "Mən təklif edərdim ki, hər hansı iş adamı öz ölkəsində xidmətinin təkmilləşdirilməsi barədə təkliflərini versin. Azərbaycanda gömrük prosedurlarının sadələşdirilməsinə gəlincə, bu gün prezident İlham Əliyevin diqqəti sayəsində bu proses kifayət qədər sadələşdirilib, gömrük sahəsində biz kifayət qədər lazımı avadanlıqla təmin olunmuşuq. Biz dövlət başçısının tapşırıqlarından irəli gələn işləri həyata keçiririk. Biz bəzən günlərlə, həftələrlə "Sarı Qapı" gömrük keçid məntəqəsində maşınların dayandığı görürük. Bəs bu zaman onlar niyə təkliflər vermir? Biz heç vaxt yaddan çıxarmamalıyıq ki, narkoticarət üçün Azərbaycandan tranzit ölkə kimi istifadə edilmə ehtimalı var. Bizim ötən il uğurlu əməliyyatlarımız da bunu sübut edir. Bu il də külli miqdarda narkotik vasitələr aşkar edərək götürmüşük. İkincisi, Azərbaycanda bir neçə gündən sonra İslam Həmrəyliyi Oyunları keçiriləcək. Yaddan çıxarmamalıyıq ki, gömrük orqanlarının funksiyaları iqtisadi təhlükəsizlikdən ümumi təhlükəsizlik səviyyəsinə qədər artıb. Bu ölkənin daxili işidir. Biz gömrük nəzarətinin hansı formada həyata keçirilməsini bilirik".