Həyasız şou və ya tələyə düşmüş zavallılar - VİDEO
18:57 05-04-2016
KRİMİNAL
İkiüzlü, məkrli insanlar arasında xüsusi tip adamlar var ki, onlar fasiləsiz olaraq özlərini və başqalarını aldadırlar. Belələri yalanları sayəsində saxtakarlığı gerçək kimi qələmə verdiklərini düşünür, amma yanılırlar - çünki sonucda aldanan və çox acınacaqlı vəziyyətdə qalan elə özləri olur.
Sözsüz, bəlli ki, ikiüzlülük Şərlə Xeyir arasında fərqlərdən biridir və bu anlamı da Rusiyanın "Pervıy Kanal" telekanalındakı "Vremya pokajet" tok-şousunda bir daha gördük.
Eşitdik yazmağa çətinlik çəkirəm, nədən ki, həmin tok-şouda "tok", yəni "talk" (söhbət) yox, "show" vardı. Şounun müəllifləri çox olsa da, birbaşa icraçısı "Vremya pokajet"in aparıcısı Pavel Tolstoy idi.
O, təmsil etdiyi və Rusiyanın ən nüfuzlu telekanalı olan "Pervıy"ı absurda sürüklədi. Zira bəlli ki, Rusiya da Azərbaycanla qonşu olan bütün ölkələr təki - təbii, Ermənistan istisnadır - Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar vasitəsilə nizamlanmasında maraqlıdır. Rusiya rəhbərliyi, habelə siyasətçilər, Federasiya Şurası və Dövlət Dumasının mənsubları, dövlət xadimləri, politoloq və analitiklər belə deyirlər. Rəsmi Moskva fasiləsiz olaraq bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi və erməni iğalındakı Azərbaycan ərazilərinin azad edilməsi üçün səylərini əsirgəmir. Üstəlik, unutmayaq ki, Rusiya ATƏT-in Minsk Qrupunda həmsədr ölkədir, bu səbəbdən də danışıqlar prosesinin bilavasitə iştirakçısıdır.
Azərbaycan Rusiya ilə normal, mehriban qonşuluq və hətta müttəfiqlik münasibətlərindədir, axı regional siyasətdə və geosiyasi proseslərdə Bakı əksər hallarda Moskvanın mövqelərini nəzərə almağa çalışır.
Di gəl, Rusiyanın bir para kütləvi informasiya vasitələri, o cümlədən "Pervıy Kanal"ın bəlli proqramları şikar qoxusu almış kaftarlar təki daim marığa yatıblar. Aprelin 2-də Dağlıq Qarabağ münaqişəsi zonasında erməni işğalçılar hücuma keçməyə cəhd göstərəndən sonra başlanmış döyüşlərdə Azərbaycanın Silahlı Qüvvələri düşmənə ağır, sarsıdıcı zərbələr endirdilər, hücumun qarşısını alaraq əks-hücuma keçdilər. Fəqət erməni Aşot Aşotoviç Qaberlyanın sahibi olduğu bədnam "LifeNews" telekanalı təki, "Pervıy Kanal" da aşkar ermənipərəst mövqe tutaraq işğalçıları himayə etməklə kifayətlənmədilər - ermənilərə dəstək verərək yardım göstərməyə çalışdılar.
Döyüşlərdə olduqca ağır, hətta öldürücü zərbələr alan, böyük itkilər verən Ermənistanda ruh düşkünlüyü, təşviş və xof yaranıb, ermənilər arasında məğlubiyyət ab-havası var. Bunu erməni mediası etiraf etməyərək "vətənpərvərlik və döyüşə hazırlıq" barədə yalanlar yaysa da, gerçək fərqli, ermənilər üçün çox acıdır: oğulları Ermənistanın hərbi hissələrinin tərkibində Dağlıq Qarabağa və işğal altında olan Azərbaycan ərazilərinə göndərilmiş erməni valideynlərin dediklərini sosial şəbəkələrdə eşitmək, onların Ermənistan rəhbərliyini lənətlədikləri videoları görmək olar.
Döyüşlər zamanı mövqelərindən qaçan, əsir düşən, yaralanan və həlak olan erməni əsgərlərinin sayı artdıqca Ermənistan qaynamağa başlamışdı.
Və belə anda Yerevanın dadına çatmaq istəyən "Pervıy Kanal" Pavel Tolstoya "Vremya pokajet" tok-şousunda "Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların yenidən başlanmasının səbəbləri və mümkün nəticələri" anonsu ilə proqramı efirə təqdim etməyi tapşırdı.
Proqram ssenarisi hazırdı, kütləvi səhnəciklərdə kimlərin nə deyəcəkləri bəlli idi. Sadəcə, obyektivlik və qərəzsizlik görüntüsü yaratmaq üçün verilişə iki azərbaycanlı dəvət olunmuşdu.
Tok-şou başlayan kimi studiyadakı böyük ekranda "münaqişə xəritəsi" kimi təqdim edilən areal göstərildi.
Həmin xəritədə Azərbaycanın erməni işğalındakı 7 rayonu "Dağlıq Qarabağ" təki göstərilmiş, qarabağlı ermənilərə "peşkəş" olunmuşdu.
Studiyaya dəvət olunmuş qonaqlar isə Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada İnstitutunun elmi əməkdaşı Gevorq Mirzoyan, Yaxın Şərq və Mərkəzi Asiya Ölkələrinin Tədqiqatı Mərkəzinin rəhbəri Semyon Baqdasarov, Türkiyənin "İhlas" agentliyinin Rusiyadakı müxbiri Fuad Abbasov, Regional Layihələr və Qanunvericilik İnstitunun prezidenti Boris Nadejdin, Rusiya İslam Komitəsinin sədri Heydər Camal, "Zamanın Məğzi" ("Sut vremyon") hərəkatının lideri və politoloq Sergey Kurginyan, Rusiya Dövlət Dumasının millətlərlə iş üzrə komitəsi sədrinin birinci müavini Mixail Starşinov, Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsi sədrinin birinci müavini Frans Klinseviç, "Kommersan" qəzetinin jurnalisti M.Kosin idilər.
Göründüyü kimi, qonaqların kimliyi və mövqeləri arasında aşkar disbalans vardı: Azərbaycanın mövqelərini Rusiya tamaşaçılarına çatdırmaq üçün cəmi iki nəfər, yerdə qalanlarsa ermənilər və ermənipərəst şəxslər.
Tok-şounun aparıcsı P.Tolstoyla onun ermənilərə "rəğbət" bəsləyən qonaqları Dağlıq Qarabağ münaqişəsi zonasındakı döyüşlərə görə Azərbaycanı suçladılar, erməniləri "zavallı, yazıq, zərərçəkən, sülhpərvər" insanlar kimi təqdim etdilər. Absurd və həyasızlıq o səviyyəyə çatdı ki, aparıcı P.Tolstoy hətta Ermənistanı və Dağlıq Qarabağdakı terrorçu rejimi "əks-hücuma keçməyə vadar qalan tərəflər" adlandırmaqdan da çəkinmədi. Və bu zaman ermənilərin azərbaycanlıları fasiləsiz olaraq atəşə tutduqları, təxribatlardan əl çəkmədikləri barədə bir kəlmə də deyilmədi.
Beləcə, adının mənası "Zaman göstərər" olan "Vremya pokajet" göstərdi ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rusiyalı tamaşaçının ölkədəki kütləvi informasiya vasitələrindən real, obyektiv məlumatlar alması ən azı yaxın vaxtlarda xam xəyaldır.
Faşist Almaniyasının informasiya naziri Yozef Göbbelsin dezinformasiya fəndləri "irsi"ndən yararlanaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı informasiya və materialları xaotik, qeryi-ardıcıl, ziddiyyətli şəkildə təqdim edərək tamaşaçı auditoriyasını aldatmaq, kimin haqlı, kimin haqsız olduğunu araşdırmaq niyyətindən vaz keçirmək, işğalçı Ermənistanı "zərərçəkən", qarabağlı erməni terrorçularını isə "hücuma məruz qalmış tərəf" təki təqdim etmək məqsədi güdən aparıcı az qala dəridən-qabıqdan çıxır, studiyaya dəvət etdiyi qonaqlar arasında məhz ermənipərəst ekspertlər və erməni politoloqların haqlı olduğunu nəzərə çatdırmağa can atırdı.
Dağlıq Qarabağdakı erməni hərbçilər və qarabağlı ermənilərin silahlı birləşmələrindən danışanda Pavel Tolstoyla onun "dəyərli qonaqları" gerçəklərdən bəhs etməyə, erməni işğalçılarının əməllərindən danışmağa çalışan Fuad Abbasov və Heydər Camalın sözlərini kəsir, isteriyaya qapılır, aşkar şəkildə erməniləri dəstələyirdilər."Pervıy Kanal"ın informasiya savaşı, erməni separatçılığının və Ermənistanın işğalçı siyasətinin dəstəklənməsi elementlərinin eybəcər qarışığından ibarət hibrid taktikası bir daha əyan etdi ki, Rusiyanın ən böyük federal telekanalının rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı "obyektiv, qərəzsiz, tərəfsiz mövqe" tutması barədə dedikləri, sadəcə, söz yığını, real əməlləri pərdələməyə yönəlmiş yalanlardır.
"Vremya pokajet" tok-şousunun bu buraxılışı ermənilərin və ermənipərəstlərin çılğın davranışı, həyasız açıqlamaları, sarsaq ittihamları və Ermənistanın cinayətlərinin ört-basdır edilməsi istəyinin təzahür etdiyi təlxəklər meydanına çevrildi.
Heydər Camalla Fuad Abbasov bu biabırçı şounu təəccüblə seyr edirdilər.
Onlar şouya niyə dəvət olduğunu anlamışdılar.
Biz isə Rusiyanın "Pervıy Kanal"ının yenə də rusiyalı tamaşaçıda Dağlıq Qarabağ münaqişəsi barədə yanlış təsəvvür yaratmaq cəhdini gördük.
"Zaman göstərəcək" şousu Rusiya mediasının rüsvayçılığına çevrildi.
Pavel Tolstoy isə erməniləri dəstəkləməklə işğalçıların göstərişlərini yerinə yetirdiyini anlayacaq. Amma o zaman gec olacaq, çünki həmin vaxtda erməni işğalçılar Azərbaycandan qovulacaqlar.
Ermənistanın və qarabağlı terrorçularının havadarlarının peşmançılığını isə zaman göstərəcək.