23 il və 4 gün. Müqayisə etdikdə bu zamanların arasında böyük fərqin olduğu ortadadı.
Bir çoxlarına bu zamanların daşıdığı məna tam aydın olmasa da, torpağı uzun illər yağı tapdağı altında qalan bir xalq üçün həmin zamanların daşıdığı dəyəri təxmin etmək o qədər də çətin deyil. İndi ruh yüksəkliyi yaşayan xalqım 23 ildi ki, bu günlərin həsrətini çəkirdi.
23 il. Bir igidin ömrüdü. Amma Azərbaycan xalqı bu qədər dözdü, səbr etdi və gözlədi. "Dabbaqda gönünə yaxşı bələd olduğu" mənfur erməni dığalarının xislətini əvvəlcədən bilə-bilə gözlədi. Səbəbsə gün kimi aydındı. Çünki mənim xalqım minlərlə mərd oğullarının qanı axıdıldığı torpaqlarımızda yenidən qan tökülməsini istəmirdi. İndi də istəmir. Amma Vətəndən pay olmur. Bu, dönə-dönə ermənilərə müxtəlif dönəmlərdə çox aydın şəkildə bəyan edilsə də, onlar bunu görünür ya diplomatik gediş, ya hədə-qorxu, ya həmlə, ya da bəlkə də pafosa dolmuş niyyət kimi başa düşürdülər. Yəni, öz təbirlərincə...
23 il və 4 gün millətimizə çox şey verdi. Birincisi, bu gün küncə sıxılmış erməniyə öz yeri göstərildi. İkincisi, 23 ildi ki, ermənilərin sığındığı havadarlarının heç də əslində havadar olmadığı 4 gün ərzində onlara çılpaq şəkildə başa salındı. Üçüncüsü, erməni əsgəri bu son 4 gündə aparılan döyüşlərdə qarşısında ayağı Vətəninin torpağı üzərində möhkəm dayanan Azərbaycan əsgərini gördü.
Gördü və onun qarşısında əzildi. Qovuldu. Yad torpaqda ayağı yerdən kəsilən erməni əsgərinə bizim mərd oğullarımız öz Vətənlərində başa saldılar ki, sən bu torpaqlardan gec-tez çıxmalı idin. Dördüncüsü və ən əsası, ermənilərin 23 il ərzində qurmağa, yaratmağa çalışdıqları əslində yalanlardan ibarət olan mif bütün dünyanın gözü qarşısında 4 gündə qırıldı. Xalqımızda olan böyük ruh yüksəkliyi, vətənpərvərlik, döyüş ruhu ermənini çaş-baş saldı. Başının altındakı yastığın getdiyini görən erməni indi qaçır.
Azərbaycan Ordusu Ermənistan qarışıq bütün dünyaya anlatdı ki, siz istəsəniz də, istəməsiniz də işğal altında olan torpaqlar geri alınacaq.
İnanırdım. Və gözləyirdim. 23 ildi ki inana-inana gözləyirdim. Həm də bu günlərin gələcəyini bilə-bilə. Anladılması çox çətin olan qələbə sevincini bizlərə yaşadan qəhrəman əsgərlərimizdi. Milli Ordumuzun qəhrəman əsgərləri. Xalqımız onlarla fəxr edir.
Bu gün dəyərli oxucularıma onların yalnızca birinin rəşadəti, qəhrəmanlığından bir neçə kəlmə qeyd etməklə az öncə yuxarıda yazdıqlarımı təsdiqləyəcəm.
Aprelin 2-də Cəbrayıl rayonu ərazisindəki Lələ təpə yüksəkliyi uğrunda gedən döyüşdə N saylı hərbi hissənin nizami hissə rəisi, mayor Elnur Əliyev şəhid olub. Əlində avtomat yüksəkliyə əsgərləri ilə bərabər hücum edən Elnur Əliyev öz bədəni ilə düşmənin atdığı qumbaranın üstünü örtərək, özünün şəhidliyi hesabına əsgərlərini xilas edib.
Bu, bir Azərbaycan oğlunun Vətəni qarşısında edəcəyi ən böyük qəhrəmanlığıdır.
Qürbətdə qəribsədiyimiz, yaşadığımız sürəcdə üzərinə ayaqlarımızı möhkəm basdığımız doğma diyar, ata-babalarımızın uyuduğu, yatdığı məzar və övladlarımıza qoyub gedəcəyimiz ən dəyərli mirasdı Vətən. Ona sahib çıxmaq boynumuzun borcudu.
Müqəddəs ana yurdumuzun bötüvlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Rahat uyuyun. Sizin qanınız yerdə qalmayacaq.
Qarşıda isə bizi böyük günlər gözləyir, qardaşlar!
Qəzanız mübarək olsun!!!
 
Mətanət Əliyeva - Trend: