Cari ilin ötən son üç ayında bu REŞ-in balans mənsubiyyətinə aid olan 220 kV-lik "Qəbələ" yarımstansiyasında eyni gərginlikli 2-ci "Ağdaş" hava xəttinin eleqaz açarı, 110 kV-lik "Şəhər" yarımstansiyasında 6 kV-lik ikinci bölmənin yağ açarı, 110 kV-lik "Naftalan" yarımstansiyasında 1 və 2 saylı transformatorların giriş eleqaz açarları, eyni zamanda bu yarımstansiyadan çıxan birinci və ikinci "Subartezan", birinci və ikinci "Xanqərvənd", "Əzizbəyov" və digər bir neçə hava xətlərinin eleqaz açarları təmir edilib.
Bu barədə Unikal.org-a "Azərenerji" ASC-nin Mətbuat xidmətindən daxil olan məlumatda bildirilir.
Bütün bunlarla yanaşı hesabat dövründə 220 kV-lik "Qəbələ", "Ağdaş" və 110 kV-lik "Səhər" yarımstansiyalarında müxtəlif təyinatlı təmir işləri də həyata keçirilib.
Qeyd edək ki, yuxarıda göstərilmiş dövrdə 110 kV-lik "Yevlax" yarımstansiyasında eyni gərginlikli birinci "Yevlax" hava xəttinin (HX) eleqaz, 10 kV-lik "Qəsəbə" HX-nin yağ açarları da təmir edilib.
"110 kV-lik "Ağcabədi", "Bərdə", "Xalac" və digər bir neçə yarımstansiyada da müvafiq təmir işləri həyata keçirilmişdir. Ümumiyyətlə, xidmətimizdə görülən işlər ürəkaçandır. Çalışmışıq ki, yüksək gərginlikli hava xətlərində, yarımstansiyalardakı qurğu və avadanlıqlarda daim yeniləmə işləri aparaq və onların dayanıqlığını, istismar səviyyəsini yüksəldək", - deyən mənbə onu da bildirdi ki, görülmüş işlər enerji təchizatı müəssisəsinə daha da keyfiyyətli, dayanıqlı və fasiləsiz enerji verilişinə müsbət zəmin yaradır.
"Bunlardan əlavə, mütəmadi olaraq avadanlıqlarda sınaq işləri aparılıb, onların texniki istismar səviyyəsi yaxşılaşdırılıb. Xətlərdə baş verən enerji itkisinin qarşısının alınması məqsədilə də müəyyən tədbirlər həyata keçirilmişdir, o cümlədən şəbəkənin istifadəsində olan xeyli sayda güc, gərginlik və cərəyan transformatoru, yağ və vakuum açarları, boşaldıcı, giriş izolyatorları və digər istifadədə olan elektrik avadanlıqları sınaqdan çıxarılıb və aşkar olunan qüsurlar aradan qaldırılıb", – deyən mənbə yanğın təhlükəsizliyi tədbirləri barəsində də məlumat verdi və bildirdi ki, havaların istiləşməsi ilə əlaqədar olaraq yanğın təhlükəsizliyi tədbirləri daha da gücləndirilib. Belə ki, EVX-lərin mühafizə zolaqları və yarımstansiyaların əraziləri quru otlardan, yağ tutumlu avadanlıqların ətrafı çirkli yağ örtüyündən təmizlənib. Eyni zamanda mühafizə avadanlıqlarının nəzarət və ölçü cihazları təftiş edilmiş və aşkar edilmiş qüsurlar aradan qaldırılıb.
Mənbədən daxil olan məlumata görə, fövqəladə hallar nəzərə alınmazsa, müəssisə avadanlıqları texniki göstəriciləri baxımından iqlim şəraitinə tam hazırdır.
Sonda onu da qeyd edək ki, həyata keçirilən və nəzərdə tutulmuş tədbirlər planı müntəzəm xarakter daşıyır və bu kimi tədbirlər ölkə enerjisisteminin stabil və dayanıqlı iş rejiminin qorunmasında mühüm amillərdəndir.