Mayın 28-də görkəmli kaman ustası, Xalq Artisti Habil Əliyevin anadan olmasının 90 ili tamam olur.
Bu münasibətlə sənətkarın yaxınları, dostları, pərəstişkarları, tanınmış incəsənət xadimləri Fəxri xiyabana gələrək Habil Əliyevin məzarı önünə təzə-tər güllər düzüblər.
Qeyd edək ki, Habil Əliyev öz ifası ilə ömrünün 60 ilindən çoxunu xalqın musiqi zövqünün yüksəlməsinə həsr edib. Dünyanın ən ucqar məmləkətlərində Azərbaycan dilindən, məişətindən, düşüncə tərzindən xəbərsiz insanlar belə onun ifasını dinləyəndən sonra bu ölkənin muğamını, musiqisini tanıyıb və seviblər.
Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirlərini öyrənən Habil Əliyev özünəməxsus səs tembrinə malik kamançanın təsirli avazına yeni guşələr, xallar və rənglər qatmaqla onun imkanlarını olduqca yüksəkliklərə qaldırıb. Daim öz üzərində işləyən sənətkar Azərbaycan mədəniyyətinə sanballı töhfələr verib.
Habil Əliyev "Segah", "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz", "Rahab", "Bayatı-Kürd", "Çahargah", "Rast", "Zabul" muğamlarına yeni kamança həyatı bəxş edib.
Habil Əliyev Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətləri dövlət və hökumət tərəfindən yüksək qiymətləndirilib. O, dəfələrlə müxtəlif orden və medallarla, döş nişanları və fəxri fərmanlarla təltif olunub.
Habil Əliyevə bir çox şairlərimiz onlarca şeir həsr edib, rəssamlarımız tablolar çəkib, heykəltəraşlarımız büstlər işləyib, xalçaçılarımız üzərində sənətkarın portreti olan xalçalar toxuyub, yazarlarımız onun haqqında kitablar yazıblar.
Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa