Azərbaycan Ukraynalıları Konqresi (AUK) Azərbaycan Respublikasında akkreditə olunan beynəlxalq təşkilatlara müraciət qəbul edib. Müraciətdə Azərbaycan Respublikasının Qarabağ regionunda hərbi əməliyyatların gərginləşməsi ilə bağlı narahatlıq ifadə olunub.
 
Müraciətdə deyilir ki, Azərbaycan ukraynalıları milli, dini və irqi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın hüquqlarının tam riayət olunduğu ölkələrində əsrlər boyu yaşayırlar.
 
AzərTac xəbər verir ki, Azərbaycan ərazilərinin 20 faizini işğal edən erməni işğalçı qoşunlarının indiyədək hər gün qoşunların təmas xəttində təxribatlar törətməsi Ukrayna diasporunu hiddətləndirir. Müraciətdə qeyd olunur ki, Qarabağda baş verən son hadisələr hazırkı "nə müharibə, nə sülh" vəziyyətinin nəyə gətirib çıxara biləcəyini göstərdi.
 
Beynəlxalq təşkilatlar nəhayət ki, təcavüzkar Ermənistanı Azərbaycan ərazisini tərk etməyə məcbur etməli, ikili standartlar siyasəti yürütməkdən əl çəkməlidirlər. Sənəddə daha sonra deyilir: "Biz beynəlxalq təşkilatları Ermənistanı Azərbaycan Respublikası ərazisindən qoşunlarını qeyd-şərtsiz çıxarması haqqında BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasına məcbur etməyə çağırırıq".
 
Müraciətin sonunda Azərbaycan ukraynalıları Azərbaycan xalqının bir hissəsi olaraq Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin daxili və xarici siyasətini tam dəstəklədiklərini bildiriblər.