BP şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) Əsas İxrac Boru Kəmərinin Türkiyədən keçən hissəsində oğurluq olması ilə bağlı yayılan xəbərə rəsmi münasibət bildirilib.
Məsələ ilə bağlı BP-nin Bakı ofisinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı Unikal.org-a açıqlamasında yayılan məlumatların əsassız olduğunu deyib:
"Məlumat dərc olunan kimi araşdırmaya başladıq. Məlum oldu ki, oğurluq hadisəsinin Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə heç bir əlaqəsi yoxdur. Oğurluq olan kəmərin adını bilirik ancaq bunun Azərbaycanla heç bir bağlılığı olmadığı üçün məlumat verə bilmərik. Sözü gedən ərazidən bir neçə neft kəməri keçdiyindən, Türkiyə mətbuatı ad yazılışında yanlışlığa yol verib. Bir daha qeyd edirik ki, BTC gündəlik iş rejiminə uyğun olaraq çalışır.
Qeyd edək ki, Türkiyə mətbuatı Bakı-Tbilisi-Ceyhan neft kəmərində oğurluq hadisəsi baş verməsi ilə bağlı məlumat yayıb. Bildirilib ki, hadisə kəmərin Türkiyədən keçən hissəsində Adana vilayətinin Sarıçam mahalının 38-ci kilometrliyində qeydə alınıb.