Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) Ermənistanın işğalçılıq siyasətinın yaratdığı problemlər və regionda təhlükəsizliyə təsiri mövzusunda Bakıda geniş İctimai Form keçirəcək.
Unikal.org xəbər verir ki, Prezident yanında QHT - lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqovun bildirdiyinə görə, Formun əsas prioriteti Azərbaycan torpaqlarının işğal edilməsi faktının regionda yaratdığı təhlükəsziliyin və böhranın beynəlxalq qurumlara çatdırılmasıdır:
"Əsas məqsədimiz informasiya resurslarının işə cəlb olunması ilə regional təhlükəsizliyin qlobal təhlükəsizliyə keçidi və münaqişənın yeni bir müstəviyə keçməsinin qarşısını almaq üçün səylərin artırılmasında beynəlxalq ictimaiyyətin fəallığının artırılmasına nail olmaqdır. Bunun üçün bir sıra işlər görülməlidir. Beynəlxalq təşkilatların Ermənistana qarşı sərt mövqe nümayiş etdirməsinə nail olmaq, Ermənistanın, eləcə də, Dağlıq Qarabağdakı terrorçu qrupun işğalçılıq siyasətinə, qeyri-qanuni fəaliyyətinə qarşı təsiredici adddımların gücləndirilməsi və BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnamənin işləməsi üçün beynəlxalq ictimaiyyətin səfərbər olunmasıdır.
Rufiz Qonaqov daha sonra bildirib ki, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün Ermənistanın işğalçılıq siyasətinin regionda törətdiyi təhlükənin detallarının beynəlxalq ictimaiyyətə çatdırmalıyıq:
"Bunun üçün sosial mediada bu işğalçılıq faktının geniş müzakirəsi və fəsadlarının müzakirəsi təşkil ediləcək. Eyni zamanda sosial şəbəkələrin imkanlarından istifadə edilməklə, sosial şəbəkələrin xarici istifadəçilərinin prosesə cəlb olunması və dünya miqyasında bu işğalçılıq faktının online yayılması və təbliğat aparılması əsas məqsədlərimizdəndir. Bundan başqa Bakıda beynəlxalq təşkilat və səfirliklərin, o cümlədən yerli və xarici medianın iştirakı ilə İctimai Forumun təşkili və ekspertlərlə birgə ayrı-ayrı Panellərdə Qarabağ probleminin regional və qlobal təhlükəsizliyə təsiri öyrəniləcəkdir. Müzakirələrdə yerli və beynəlxalq ekspertlər çıxış edəcəklər. Hesab edirik ki, bu çox böyük əhəmiyyət daşıyacaq. İctimai sektorla yanaşı beynəlxalq təşkilatların da səfərbər olunması Qarabağ problemi ilə bağlı informasiya yükünü artıracaq və əsl həqiqət dünya ictimaiyyətinə çatdırılacaq.
İctimai Formun İyun ayının 22 - də keçirilməsi nəzərdə tutulur.