1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakı Dəmir Yolu Vağzalında xeyriyyə tədbiri baş tutub.
Unikal.org xəbər verir ki, tədbir valideyn himayəsindən məhrum olmuş, daun sindromlu, leykemiya və talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara həsr olunub. Eyni zamanda tədbirdə "Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin nəzdində fəaliyyət göstərən "Qadın və uşaq sığınacağının sakinləri də iştirak edib.
Tədbirin əsas məqsədi gələcəyimiz olan uşaqlara diqqət və qayğının göstərilməsidir.
Belə ki, 70-yə yaxın uşaqla birgə vağzalda ekskursiya təşkil olunub. Daha sonra dayanacaqdakı qatarlarla tanış olan uşaqlar üçün ilk dəfə olaraq qatar həyəcanı yaşanıb. Onlar üçün nəzərdə tutulmuş Bakı-Sumqayıt qatarı ilə Xırdalan stansiyasına qədər qısa səyahət təşkil olunub. Səyahətin sonunda tədbir vağzal binasında onlar üçün hazırlanmış masa ətrafında yığıncaqla davam etdirilib. Uşaqlara müxtəlif hədiyyələr təqdim olunub, incəsənət ustalarının iştirakı ilə konsert keçirilib.
Qeyd edək ki, tədbir "Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti və Azərbaycan Talassemiya Federasiyası, "Leykemiya ilə Mübarizə İB, "Təmiz Dünya Qadınlara Yardım İB və "Qayğı-Sağlam Nəsil Naminə İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
"Azərbaycan Dəmir Yolları QSC hər kəsi belə xeyriyyə tədbirlərinə qoşulmağa, uşaqlara diqqət və qayğı göstərməyə çağırır.