Müharibə bir millətin başına gələ biləcək ən böyük faciədir. Lakin ədalətli müharibə həm də bir millətin öz müqəddəratını həll etməsi deməkdir. Cəbhə bölgəsində yaşanan son hadisələr isə bir daha onu sübut edir ki, xalqımızın Qarabağ sevgisi və nisgili dünənki kimi təzədir. Mənfur düşmənimiz ermənilərə qarşı bu gün hər kəs öz birliyini nümayiş etdirir. Bu isə onu göstərir ki, ölkəmizdə hamı bir nəfər kimi Ali Baş Komandanın səfərbərlik əmrini gözləyir. Müharibənin olacağı təqdirdə qadınlı-kişili hər kəsin bu torpağı yağılardan azad etmək üçün əlindən gələni edəcəyinə 
əmin olduq. Lakin bir şeyi də unutmamalıyıq ki, müharibə təkcə ön cəbhədə olmur. Müharibənin uğurlu olması həm də arxa cəbhədən asılıdır. Bəs müharibə zamanı arxa cəbhədə olanlar nə etməlidir? Jurnalistlər arasında belə bir sorğu keçirdik və müxtəlif cavablar aldıq. 

Tanınmış teleaparıcı İradə İsaq belə həssas məqamlarda hər kəsin hazır olmasının vacibliyini qeyd etdi: "Mən onsuz da arxa cəbhədə öz işimi görürəm. Bu barədə insanları xəbərdar etdik ki, ekstremal vəziyyətlərdə necə davranmalıdırlar. Təbii ki, bu gün hər bir Azərbaycan vətəndaşı kimi mənim də qanım qaynayır. Amma bununla qaragüruhçuluq da etmək olmaz. Müharibə zamanı davranış haqqında qanunlar var. Bu asan məsələ deyil. Hətta jurnalist də cəbhədə fəaliyyət göstərə bilməz. Təbii ki, hər bir jurnalist istəyər ki, cəbhədə baş verən ən son xəbərləri operativ olaraq ictimaiyyətə çatdırsın. Amma reallıq buna imkan vermir. Hər kəs kimi mənim də cəbhəyə getmək və düşmənlərin başını əzmək arzum var. Lakin peşəkarlıq prinsipləri başqa məsələləri diktə edir. Bu məsələdə fanatikliyə yol vermək olmaz. Düşmən yalnız Ali Baş Komandanın əmrlərinə tabe olmaqla məhv edilə bilər". 

Mövqe.az-ın müxbiri Zülfiyyə Quliyeva deyir ki, müharibənin başlanacağı təqdirdə həm bir jurnalist, həm də vətəndaş olaraq əlindən gələni etməyə hazırdır: "Müharibə əmri verilsə, hər bir vətəndaş kimi səmimi deyirəm ki, mən də cəbhə üçün əlimdən gələni etməyə hazıram. Əlimdən gələn birinci iş cəbhə bölgəsindən xəbər, reportaj hazırlamaqdır. Yəni mən qadın olsam belə, cəbhədən qələbə xəbərlərini xalqımıza çatdırmaqdan fəxr hissi keçirərəm. Amma bu, görəcəyimiz son iş olmamalıdır. Cəbhə üçün nə lazımdırsa, biz onu görməyə hazır olmalıyıq. Əgər sabah desələr ki, cəbhəyə, əsgərlərə geyim istehsalında işçi çatışmır, biz dərzilik bacarmasaq belə, əsgər mundirinin düyməsini tikmək üçün gecə də işləməyə hazırıq. Şəxsən mən ordu üçün arxa cəbhədə olsa belə, əlimdən gələni etməkdən fəxr hissi duyaram".

Z.Quluyeva bildirdi ki, ən böyük arzularından biri də məhz işğaldan azad edilmiş torpaqlarımızdan reportaj, fotolarla xəbərlər hazırlamaqdır: "Hələ ki, biz erməni təxribatına cavab veririk. Düşmənə cavab zərbəsi endirdikcə öz torpaqlarımıza nəzarəti bərpa edirik. Mən isə bu xəbərləri aldıqca ictimaiyyətə çatdırmaq, orada məhv edilmiş erməni silahlıları ilə bağlı məlumatları sosial şəbəkələrdə paylaşmağı özümə borc bilirəm. Amma biz həm ön, həm də arxa cəbhədə əlimizdən gələni etməyə hazırıq və varıq! Təki işğalda olan torpaqlarımıza nəzarəti bərpa edək. Təki o torpaqlar yağı tapdağından azad olsun. İnşallah rəşadətli ordumuz sayəsində biz bu arzumuza tezliklə çatacağıq". 

Lent.az saytının müxbiri Ümidə Həsənli də bu barədə "Kaspi"yə öz fikirlərini bildirdi. O deyir ki, indi hər kəs vuruşmalıdır, hər kəs əsgər olmalıdır: "Vuruşmaq təkcə əlinə silah almaq demək deyil. Hər kəs öz sahəsində əsgər olmalı, hər kəs öz sahəsində vuruşmalıdır. Əlbəttə ki, biz də jurnalist kimi qarşı tərəflə, işğalçı ermənilərlə vuruşuruq. Məlumdur ki, indi həm də informasiya müharibəsi gedir və bəzi hallarda informasiya müharibəsi qələbə və ya məğlubiyyətə, hadisələrin gedişatının dəyişməsinə çox böyük təsir qüvvəsinə malikdir. Əslində rəsmi olaraq müharibə elan edilməyib, lakin müharibə gedir. Çünki bir neçə gündür şəhid verməyimiz artıq müharibənin getdiyini bildirir". 

Ü.Həsənli bildirir ki, jurnalistin arxa cəbhə üçün edə biləcəyi ən böyük iş dəqiq olan, rəsmi təsdiqini tapan xəbərləri ictimaiyyətə çatdırmaqdır: "Biz həm də jurnalist kimi qarşı tərəflə informasiya müharibəsi aparırıq. Ön cəbhəyə əsas köməyimiz odur ki, yalnız düzgün informasiya verək, hərbi sirlərin yayılmasının qarşısını alaq. Həmçinin insanları maksimum dərəcədə təşvişə təhrik etməyək. Bizim hər hansı kiçik bir hərbi sirr barədə məlumat yaymağımız ön cəbhə üçün baha başa gələ bilər. Ona görə də biz - arxa cəbhə olaraq maksimum ehtiyatlı olmalıyıq. Yalnız rəsmi və təsdiqlənmiş məlumatları yaymalıyıq".
Teleqraf.com saytının əməkdaşı Naibə Qurbanova deyir ki, əgər səfərbərlik elan olunsa, "Hər şey cəbhə üçün" şüarı altında orduya dəstək hər kəsin borcudur: "Hazırda məşğul olduğum iş - doğru xəbər çatdırmaq elə həm də ön cəbhə üçün gərəklidir. Təbii ki, müharibə qızışarsa, "Hər şey cəbhə üçün, hər şey qələbə üçün" şüarı hamımızın, o cümlədən mənim də həyat kredom olmalıdır. Biz 90-cı illərdə Cəbrayılda yaşayanda Qarabağda döyüşlər gedirdi və o vaxt nənəm, anam, qonşularımız çörək, yemək bişirirdilər. Günlərlə döyüşlərdə olan əsgərlərə qida göndərirdilər. O vaxtdan əsgər gördüyümüzdə ona laqeyd qalmamaq kimi düşüncə formalaşıb beynimizdə".

N.Qurbanova bildirdi ki, ön cəbhəyə həm vətəndaş, həm də peşəkar jurnalist kimi yardım etməyə hər zaman hazırdır: "Hazırda vəziyyət elədir ki, hamımızın cəbhədə olmaq imkanımız yoxdur. Əlbəttə, jurnalist olaraq qaydalar çərçivəsində gedib cəbhə bölgəsində peşə borcumu yerinə yetirməyə hazıram. Vətəndaş kimi isə qazancımdan, əməyimdən istifadə etməklə imkanım daxilində ön cəbhəyə kömək edərəm".

"Aydın Yol" qəzetinin müxbiri Rəbiqə Nazimqızı ön cəbhə üçün müxtəlif cür kömək etməyə hazır olduğunu bildirdi: "Pafosun tərəfdarı deyiləm. Düşünürəm ki, ön cəbhə üçün yalnız problem yarada bilərəm. Silahdan istifadə edə bilmirəm, tibbi biliklərim isə yox dərəcəsindədir, kimsə daim məni qorumaq məcburiyyətində qalacaq. Bununla belə, əgər ehtiyac olarsa, müharibəyə getməyə daim hazıram. Çünki mənim də balam var, ən azı, onun üçün, onun gələcəyi üçün gedə bilərəm. Arxa cəbhə üçün əlimdən bir çox iş gələ bilər. Məsələn, aşpazlıq edərəm. Çünki bir qadının edə biləcəyi ən yaxşı iş məhz yemək bişirməkdir deyə düşünürəm". R.Nazimqızı qeyd etdi ki, müharibə zamanı ən böyük dəstək motivasiya, ruh yüksəkliyidir: "Jurnalist kimi müharibə bölgəsindən reportajlar hazırlaya bilərəm. Bundan başqa, şeir oxuya bilərəm, nitq söyləyə bilərəm, ən azı mənəvi dəstək üçün yazar qruplarının tərkibində bölgələrə gedə bilərəm. Arxa cəbhəyə gəlincə, nə tələb olunursa, hamısını eləmək olar. Çünki bu, hər kəsin borcudur. İki gündür ki, cəmi iki-üç saat yatıram. Hər bir dəqiqə elə bilirəm ki, nəyisə qaçıra bilərəm. Hələlik isə əsgərlərimiz üçün dua edirəm, ümid edirəm və şad xəbərlər gözləyirəm".

Radio Antenn 101 FM-in xəbər aparıcısı Əzizə İsmayılova da bu haqda öz fikirlərini bölüşdü: "Əvvəlcə deyim ki, "müharibə başlasa" ifadəsi ilə razı deyiləm, çünki müharibə heç bitməyib. Torpaqlarımızın bizə təhvil veriləcəyi və bayrağımızın o torpaqlarda dalğalanacağı günə kimi bu müharibə davam edəcək. Sadəcə, döyüşlü və döyüşsüz günlərimiz var. Döyüşlər getsə də, getməsə də həm bir vətəndaş, həm də bir jurnalist kimi Vətənim üçün əlimdən nə gəlirsə, onu etməyə həmişə canla-başla hazır olmuşam. Bu gün də hazıram, sabah da hazır olacağam. Bir az pafoslu görünsə də, bu, belədir. "Mən nə edə bilərəm" sualına gəlincə, demək istərdim ki, imkan və bacarığım səviyyəsində verilən istənilən əmr və ya tapşırığın öhdəsindən maksimum nail olma dərəcəsi ilə gəlməyə qadirəm və hazıram. Həm bir vətəndaş, həm də jurnalist kimi hər zaman lazım olduğum yerdə lazımi işə dəstək olmağa hazıram".

Lent.az xəbər saytının yazarı Vüsalə Məmmədova həm vətəndaş, həm də jurnalist olaraq arxa cəbhədə öz vəzifəsini yerinə yetirəcəyini qeyd etdi: "Müharibə başlasa da, başlamasa da mən bir vətəndaş və jurnalist kimi Qarabağ mövzusunu araşdırıram. Bir müharibə uşağı, qarabağlı kimi bunu özümə borc bilirəm. Bilirsiniz ki, iki ildir Lent.az saytında "Əsir düşərgəsi" adlı layihəm var. Girovluqda olan insanların həyat hekayəsini yazıram. Bu hekayətlər əsasında APA Holdinq "Cəhənnəmdə böyük çığırtı" adlı kitab da çap edib. Müharibə başlayacağı təqdirdə isə əlbəttə ki, hesab edirəm, yerim ön cəbhə olmalıdır. Mən bu döyüşlərin, ümumiyyətlə, münaqişənin tarixini bilirəm və araşdırıram. Gənc nəslin nümayəndələrində bu baxımdan hər hansı bilgi kasadlığı ola bilər, ona görə də hesab edirəm ki, bu mövzunu biz, müharibəni görən jurnalistlər işləməliyik ki, heç bir yanlışlığa yol verilməsin".

"Kaspi"