Hesablama Palatası keçən ilin dövlət büdcəsindən Gənclər və İdman Nazirliyinə və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına ayrılan vəsaitlərin istifadəsinə dair audit zamanı bəzi nöqsanlar aşkarlayıb.
Unikal.org-un məlumatına görə, "Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci ildə fəaliyyəti haqqında" adlı hesabat sənədində bildirilir ki, nazirlik tərəfindən bir neçə halda yeni layihələndirilən obyektlər üçün qüvvədə olan normativ hüquqi aktlara uyğun texniki-iqtisadi əsaslandırma aparılmayıb, 16 obyektin layihə-smeta sənədləri işlərin yerinə yetirilməsi üçün bağlanılmış müqavilə ilində hazırlanıb.
Məlum olub ki, bəzi xərclər üzrə real tələbat nəzərə alınmayıb, baş məqşçilərin vəzifə maaşları artıq proqnozlaşdırılıb, büdcəyə qaytarılmalı vəsait qalıq kimi saxlanılıb. Nazirlik tərəfindən respublika və beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı bəzi nöqsanlara yol verildiyi məlum olub.
Həyata keçirilən tədbirlər nəticəsində 100,6 min manat məbləğində vəsait dövlət büdcəsinə bərpa edilib.
TQDK-ya ayrılan vəsaitlərin istifadəsinə dair audit zamanı isə məlum olub ki, komissiya tərəfindən xərclər smetasının tərtibi və icrası prosesində bir sıra qanunvericilik aktlarının tələblərinə riayət edilməyib, o cümlədən proqnozlaşdırma prosesinə əsaslı yanaşılmayıb, büdcə vəsaitlərinin icrası prosesində bəzi nöqsanlara yol verilib. Komissiya tərəfindən tərtib olunan büdcə təkliflərində müvafiq hesablamalar aparılmadan, bəzi xərclər üzrə real tələbat və keçən illərin icra faizi nəzərə alınmadan artıq vəsait nəzərdə tutulub, bir sıra hallarda vəsait, eləcə də dövlət büdcəsinin Ehtiyat Fondu üzrə ayrılan vəsaitin bir hissəsi təyinatı üzrə icra edilməyib.
Komissiya tərəfindən əməyin ödənilməsi ilə bağlı müvafiq qanunvericilik aktlarının tələblərinə bəzi hallarda riayət edilməyib. Xərclər smetasında dövlət qulluqçusu olmayan işçilərin mükafatlandırılması və məzuniyyətə çıxarkən bir aylıq vəzifə maaşı həcmində müavinətin nəzərdə tutulmadığı halda müavinət ödənilməsi, həmçinin məzuniyyət haqqı hesablanarkən orta aylıq əməkhaqqının düzgün hesablanmaması səbəbindən artıq büdcə vəsaiti icra edilib.
"Audit sübutları ilə komissiyada satınalmalarla bağlı qanunvericilik aktlarının bəzi tələblərinə riayət olunmaması halları müəyyən edilib. Ümumilikdə nəzarət tədbirinin əhatə etdiyi dövr ərzində malların (işlərin və xidmətlərin) satın alınmasına yönəldilmiş vəsaitin 98,3 faizi qanunvericiliklə nəzərdə tutulmuş satınalma metodları tətbiq edilməklə, 1,7 faizi isə satınalma prosedurları keçirilmədən icra olunub.
Həyata keçirilən tədbirlər nəticəsində 264,4 min manat məbləğində vəsaitin dövlət büdcəsinə qaytarılması təmin olunub.
Qeyd edək ki, hesabat sənədi aprelin 15-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.