"Hesab edirəm ki, bu məsələlər inandığım jurnalist dostlarımın məni gündəmdə saxlamaq istəyindən irəli gəlir. Nəhayət, paxıllıq hisləri özünü büruzə verir.
Unikal.org xəbər verir ki, bunu Modern.az-a Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov milyonluq villasının olması ilə bağlı məlumatlara münasibət bildirərkən deyib.
"Mən hər kəsə cana sağlığı arzulayıram. Qoy Allah hər kəsə mənim yaşadığım villa kimi ev qismət eləsin. Görünür mentalitetimizdə nöqsan var. Mən dəfələrlə demişəm, bir də deyirəm, mən fəxr edirəm ki, yuxarıda Allah, yerdə rəhbərliyim və jurnalistikada işləyən dostlarım var ki, bu hörməti qazanmışam. 15 ildir ki, sizlərlə işləyirəm. İncimişik də, küsmüşük də, telefonlara cavab verməmişəm də. Amma 15 il eyni vəzifədə çalışıb insanların rəğbətini qazanmaq özü böyük səadətdir. Deməli burada nə isə var. Dünyadakı xalqların əksəriyyəti münasibətləri şəxsi maraq üzərində qurur. Mən bu 15 ildə münasibətləri şəxsi maraq üzərində qurmadım. Ən azından hər kəs verdiyim salamımı aldı. Mən bunu qazanmışamsa, demək Allah-Təala istəyib. Allahın qismətini yüz bəndə yığışsa da əlindən ala bilməz.
V.Əsədov evinin fotosunu yayımlayan jurnalistə sual da ünvanlayıb:
"İndi siz deyin, Vaqif Əsədov tövlədə yaşamalıdır?! Kişi kişinin
malını saymaz. Niyə gəlib oğurluqda çəkirsiz?! Gəlin evə, qapım da,
bacam da sizin üzünüzə açıqdır. Əgər qapını açmasam, gedin oğurluq
çəkin. Ən azından o evin içini də, evdə yaşayan insanları da çəkin.
Görün neçə nəfər qalır o villada?!.
Qurum rəsmisi deyib ki, respublikada ona məxsus heç bir biznes yoxdur:
"Mənim nəyim varsa, xaricdədir. Nəyim var Rusiyada, Moskvadadır. Heç vaxt ölkəmizdə biznes qurmağa can da atmamışam. Nəyim varsa, dostlarımdır, məni əhatə edən insanlardır. Məni yaşadan da Rusiya və başqa ölkələrdə olan fəaliyyətimdir.