"Azərsu" ASC əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq içməli sudan əziyyət çəkən kəndlərdə yeni layihələrin icrasına başlayıb.
"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən unikal.org-a verilən məlumata görə, kəndlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə qısa müddətdə layihələr hazırlanıb, yeni su mənbələri və infrastruktur imkanları müəyyənləşdirilərək tikinti-quraşdırma işlərinə başlanıb. Sərəncama uyğun olaraq hazırda 40-dan çox kənddə layihələrin icrası intensiv şəkildə davam etdirilir.
Lənkəran rayonunda həyata keçirilən layihə 7 kəndi əhatə edir. Layihə çərçivəsində rayonun Səpnəkəran, Yuxarı Nüvədi, Lüvəsər, Kosalar, Bala Şürük, Tütəpeştə, Gərmətük kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulub.
Lənkəran rayonunun kəndlərinə içməli su 2013-cü ildə istismara verilib və məhsuldarlığı sutkada 30 min kubmetr olan Xanbulançay sutəmizləyici qurğusundan veriləcək. Yeddi kəndi su ilə təmin etmək üçün 36 km uzunluğunda magistral kəmərlərin tikintisinə başlanıb, artıq kəmərlərin 15 km-lik hissəsində işlər yekunlaşıb. Magistral kəmərlərin tikintisi başa çatdıqdan sonra kəndlərdə bulaqlar quraşdırılacaq. Tikinti-quraşdırma işlərinin 2017-ci ilin avqustunda tam başa çatdırılması nəzərdə tutulur. Bununla da Lənkəran rayonunun 7 kəndinin 12 mindən artıq sakini keyfiyyətli içməli su ilə təmin olunacaq. Bu layihənin davamı olaraq növbəti mərhələdə daha 8 kəndin içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, Xanbulançay sutəmizləyici qurğusu Lənkəran, Astara şəhərləri və bu rayonların kəndlərinin dayanıqlı və keyfiyyətli içməli su təminatının aparılmasına hesablanıb.
Xatırladaq ki, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq 22 rayonun 170 yaşayış məntəqəsində içməli su təchizatı sistemləri yaradılacaq. Bu layihələrin icrası nəticəsində həmin kəndlərdə 267 min nəfər içməli su ilə təmin olunacaq. Layihələrin həyata keçirilməsi məqsədilə dövlət büdcəsindən "Azərsu" ASC-yə 14 mln. manat ayrılıb.