Martın 5-də Bakı və Sumqayıt şəhərlərinin, Abşeron, Xızı, Qobustan rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsində istifadə olunmuş "sual kitabçaları, həmçinin "cavab vərəqi nümunəsi, "qiymətləndirmə meyarları və qapalı tipli test tapşırıqları üzrə etalon cavabları Dövlət İmtahan Mərkəzinin (DİM) saytında yerləşdirilib.

Mərkəzdən unikal.org-a verilən məlumata görə, martın 5-də keçirilmiş buraxılış imtahanının I mərhələsinin (Azərbaycan və rus bölmələri, A, B, C, D variantları) "sual kitabçaları, "cavab vərəqi nümunəsi, açıq tipli tapşırıqlar üzrə "qiymətləndirmə meyarları və qapalı tipli test tapşırıqları üzrə "etalon cavablar ilə tanış olmaq mümkündür.

Bildirilib ki, ümumi orta təhsil bazasında buraxılış imtahanlarının birinci mərhələsi mart və aprel aylarında keçirilib. İmtahanın birinci mərhələsinin nəticələri may ayının sonlarından etibarən mərhələli şəkildə elan edilib. Hər bir imtahan iştirakçısı Mərkəzin saytında özünə aid olan səhifədə imtahan nəticələri, "cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin açıq tipli tapşırıqlar üzrə qiymətləndirmə meyarları ilə tanış olmaq imkanına malikdir.

Birinci mərhələdə şagirdlərə ana dili (rus dili) fənnindən 10 açıq və 10 qapalı tipli, riyaziyyat fənnindən 10 açıq tipli olmaqla ümumilikdə 30 test tapşırığı təqdim olunub.