"Yaxın zamanda ordumuzun Zəhranın qısasını alacağına inanıram"
Bu fikirləri Unikal.org-a Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvü, deputat Nəsib Məhəməliyev Füzulidə 2 yaşlı Zəhra Quliyevanın ermənilər tərəfindən qətlə yetirilməsinə münasibət bildirərkən deyib.
O, qeyd edib ki, bu barədə beynəlxalq təşkilatlara lazımi informasiyalar verilib: "Hesab edirəm ki, cənab prezident İlham Əliyevin bu sahədə apardığı səbirli, təmkinli diplomatik siyasəti nəinki regionda, bütövlükdə düynada sabitliyə xidmət edir. Dövlət başçısı məsələ ilə bağlı öz münasibətini bildirdi. Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu barədə mövqeyini açıqladı. Beynəlxalq təşkilatlara lazımi informasiyalar verilib. Diaspora, QHT-lər xətti ilə Azərbaycan hökuməti əhatəli şəkildə iş aparır.
Təbii olaraq XİN kifayət qədər aktiv iş aparır. Azərbaycanın hüquq mühafizə orqanları da cinayət işi qaldırıb. Hesab edirəm ki, cinayətkarlar cəzalarını alacaqlar.
Millət vəkili bildirib ki, Azərbaycanın Silahlı Qüvvələri yaxın günlərdə Zəhranın intiqamını alacaq:
"Yaxın zamanda ordumuzun Zəhranın qısasını alacağına inanıram. Belə cinayətlər milli müstəvidən çıxıb və beynəlxalq cinayət hesab olunur. Normal şüurlu insan bu kimi cinayətlərə adekvat reaksiya verir. Mən izləyirəm, qonşu ölkələrin parlamentləri, millət vəkilləri, məsələ barədə öz kəskin mövqelərini bildiriblər. Azərbaycan ictimaiyyətinin də brigə reaksiyası anlaşılandır.
Hüseyn İsgəndərov