Xəbər verdiyimiz kimi iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.
Artıq 2 gündür ki, Azərbaycanda yerli KİV-də bu məsələ ana xəbər kimi təqdim edilir. Düşmən gülləsindən dünyasını dəyişən iki yaşlı Zəhranın qanlı fotoları nəinki KİV-də, hətta sosial şəbəkələrdə də kütləvi şəkildə tirajlanır və Ermənistan prezidenti Serj Sarkisyanın cani olduğu bildirilir.
İki yaşlı Zəhranın qanlı şəkillərinin Azərbaycan mediasında və sosial şəbəkələrdə yayılmasının ictimai rəyə necə təsir etməsi ilə bağlı jurnalist Turan İbrahimovun fikirlərini öyrəndik və o, Enter.News saytına verdiyi açıqlamasında çox maraqlı məqamlara toxundu.
Turan İbrahimov bildirdi ki, Zəhranın qanlı, sarsıdıcı və ürpərdici şəkilləri televiziyalarımızı, saytlarımızı və ümumilikdə sosial şəbəkələrin yerli seqmentini bürüyüb. İstər-istəməz baxırıq, görürük, qəzəblənirik və əsasən də məyus oluruq, sarsılırıq. Bəli, məyus oluruq və sarsılırıq. Elə erməninin istədiyi kimi.
Son vaxtlar bir neçə yöndə Azərbaycan ideal təbliğat qurub, psixoloji üstünlüklər qazanıb. Xüsusilə də Cocuq Mərcanlı kəndinin yenidən qurulması və qayıdış prosesinin başladılması. Bu hadisə təbii ki, simvolikdir və həm daxili, həm də xarici auditoriyaya ünvanlanmış mesajdır. Xüsusilə də düşmən tərəfə, düşmənin sıravi fərdlərinə. Bunun Ermənistanda, sıravi erməni fərdlərində hansı əhval-ruhiyyəni, psixoloji durumu yaratdığını təxmin etmək elə də çətin deyil. Elə bu məqamda Zəhranın qanlı şəkilləri lap yerinə düşür. Sarkisyana tam lazım olan formada Azərbaycan mediasında, sosial şəbəkələrdə dolaşır.
Ermənistanda daxili auditoriyanın psixoloji üstünlüyünə yönəlik propaqanda qurulur. Bəli, biz bu dəhşətli görüntülərdən maksimum istifadə etməliyik. Amma xarici mediada, sosial şəbəkələrin xarici seqmentlərində. Bütün imkanlarımızdan istifadə edib rus mediasında bu görüntülərin yayılmasına daha çox cəhd göstərməliyik. Bunu edə bilirikmi?! Görünən odur ki, hələki yox.
Yenə də elə özümüz özümüzə bildiklərimizi təkrarlayırıq. Yerli medianı, ictimai rəyi, ümumilikdə ictimai əhval-ruhiyyəni idarə etdiyini düşünənlər, özünüz özünüzə bir qiymət verin. Baş verənlər normaldı?