Xəbər verdiyimiz kimi Ermənistan Silahlı Qüvvələri iyulun 4-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini mina və qumbaraatanlardan atəşə tutulması nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub.
2 yaşlı Zəhranın qətlə yetirilməsi ilə bağlı Azərbaycandakı xarici ölkə səfirləri, diplomatlar Ermənistanı qınayan bəyanatlarla çıxış ediblər. Azərbaycan mətbuatının yaydığı xəbərlərin demək olar ki, 90 faizi bu faciə ilə bağlıdır. Təəssüflər olsun ki, Ermənistan hərbçilərinin törətdiyi qətllə bağlı xarici medianın məsələni geniş işıqlandırmasının şahidi olmadıq.
Unikal.org Zəhranın qətli və bu qətlə yerli medianın göstərdiyi münasibətlə bağlı Azərbaycandakı mətbuat rəhbərlərinin fikirlərini öryənib.
"Trend İnformasiya Agentliyi baş direktorunun korporativ inkişaf üzrə müavini Arzu Nağıyev bildirib ki, Azərbaycanın xarici dildə yazan mediası bu məsələni kifayət qədər intensiv işıqlandırmaldır: "Erməni vəhşiliklərini dünyaya göstərmək lazımdır. Xüsusən sosial şəbəkələr, diaspora qəzetləri, bizi təmsil edən bir sıra KİV-lərin hamısı ermənilərin uşaqlara, yerli əhaliyə qarşı törətdiyi vəhşiliyi bütün dünyaya nümayiş etdirməlidir. Hər zaman ikili standartlar olub və olacaq. Nə qədər ki, biz özümüz bunu sübuta yetirə bilmirik, bizim KİV-lər tam şəkildə məsələni dünya müstəvisinə çıxara bilməyəcək və bizə istinad olunmnaycaq proseslər belə davam edəcək. Bu olduqca ağırdır. Xarici mətbuat bizdən materiallar götürməsi üçün Azərbavcanın xarici dilli mediası çox yüksək şəraitdə işləməlidir.
"Yeni Müsavat qəzetinin baş redaktoru Rauf Arifoğlu: "Bu çox böyük hadisədir. Ermənistan hərbi -siyasi rəhbərliyinin cinayət əməli və dinc əhaliyə qarşı keçirdiyi vandalizmin davamıdır. Ermənistan Silahlı Qüvvələri etnik mənsubiyyətinə görə azərbaycanlıları qətlə yetirib. Böyük-kiçik demədən dinc əhaliyə qarşı etnik soyqırımı prosesi həyata keçiriblər. Alxanlıda baş verən hadisə də onun davamıdır. Guya, indi dinc dövrdür, ancaq ermənilər öz xislətlərindən əl çəkmirlər və Azərbaycanın dinc əhalisi yaşayan ərazilərini atəşə tuturlar. Nəticədə Zəhra kimi kiçik məzlum körpələr məhv olur. Azərbaycan xalqının, ölkəmizin yerli mediasının və bizə dost olan Türkiyə mətbuatının da hadisəyə münasibəti, təpkisi gözlənilən oldu. Təəssüf ki, dünyanın öndə gedən media quruluşlarının bu məsələyə münasibəti biz istəyən şəkildə olmadı. Yəni, ermənilərin qınanması prosesi getmədi. Müxtəlif ölkələrdə baş verən bu cür hadisələr dünya mediasının daha çox diqqətini cəlb edir. Rus dilli məkanda Azərbaycan mətbuatı kifayət qədər işlədi. Amma Rusiya mediasında da qınağın şahidi olmadıq. Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmisi məsələyə reaksiya verdi. Amma ermənilərin törətdiyi qətl qınanmadı. Görünür, biz səylərimizi bir az artırmalıyıq. Azərbaycanın rəsmi və diaspor strukturları dünya mediası ilə fəaliyyətini bir az intensivləşdirməlidir.
"Unikalın baş redaktoru Asəf Rzayev: "2 yaşlı Zəhranın öldürülməsi Ermənistan siyasi hakimiyyətinin ilk işi deyil. Bundan əvvəl də körpə balalar erməni vəhşiliyinin qurbanı olub. Ölkə mətbuatı məsələni lazımi səviyyədə işıqlandırdı, cəmiyyətə çatdırdı. Xarici ölkələrin Azərbaycandakı səfirlərinin fikirləri, mövqeləri ictimailəşdirildi. İstərdim ki, Zəhranın və Xocalıda öldürülən körpələrin məsələsi dünya mediasının gündəmində qalsın. Bunun üçün bizim xarici ölkələrdəki səfirliklərimiz və diasporamız dünya mediası ilə işləməlidirlər. Bununla biz dünyanın Ermənistanı terrorçu kimi tanımasına nail ola bilərik.
"Azadinform İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev:"Azərbaycan mediası bu acının həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq aləmin məlumatlandırılmasında kifayət qədər fəallıq nümayiş etdirdi. Dünən və bu gün ölkədə fəaliyyət göstərən bütün növ KİV, onların Azərbaycan, rus, ingilis, fransız, ərəb, fars, hətta erməni dilində olan versiyaları var gücü ilə işlədilər. Jurnalist həmkarlarımız imkanları çatdığı qədər Türkiyə, Rusiya, Ukrayna və Avropa mediasında bu cinayətin duyurulmasına çalışdılar. Bir sözlə Azərbaycan jurnalistləri həm çalışdıqları KİV-də, həm də sosial şəbəkələrdə ermənilərin növbəti cinayətlərini ifşa etməyi bacardılar.
"Xalq Cəbhəsi qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: "Azərbaycan mediasının münasibəti ortalıqdadır. Dünya mediasına gəldikdə izə burada ümumiləşdirmə aparmaq doğru olmazdı. ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin və Ermənistanın digər havadarlarının nəzarətində olan transmilli KİV-lər istisna olmaqla, digərlərində baş verən ağır hərbi cinayətlərlə bağlı məlumatlar azlıq təşkil ediesə, burada diplomatik nümayəndə nümayəndəliklərimizin və diaspor qurumlarımızın müəyyən qədər günahı var.
Gözləmək lazım deyil ki, hansısa xarici KİV rəhbərinin vicdan şkalası ən yüksək həddə çatacaq və Zəhranın qətli ilə bağlı yazıların yayımına başlayacaq. Hər kəs öz işi ilə, həm də peşəkarcasına məşğul olmalıdır.
"Modern.az saytının təsisçisi və baş redaktoru, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı: Yerli medianın məsələyə yanaşması kifayət qədər arzuolunandır. Bizim mətbuat hadisəni araşdırdı və Azərbaycan cəmiyyətinə çatdırdı. Medianın bu işini alqışlamaq lazımdır. Təəsüf ki, medianın bu kimi hadisələri işıqlandırmasını alqışlayırıq. Arzu edirəm mətbuatımız qələbələrimizi işıqlandırsın. Xarici medianın məsələyə münasibətinə gəlincə, buna bir konteksdə yanaşmaq doğru olmaz. Azərbaycan jurnalsitlərinin fəallığı görünmədi. Hansısa xarici jurnalist gəlib Zəhra ilə bağlı reportaj hazırlayası deyildi. Azərbaycan həqiqətlərinin dünyaya çıxarılması ilə bağlı kifayət qədər lahiyələr gerçəkləşdirilib. Hanı o lahyələrin müəllifləri?Onlar bu məslələni ayrı -ayrı ölkələrə çıxara bilərdilər. Bu Azərbaycan jurnalistlərinin fəal olmamasından irəli gələn məslələ idi. Demokratiyanın inkişaf etdiyini düşündüyümüz ölkələrin mediasının durumu bir az fərqlidir. Almaniyada dövlət maraqlarından kənarda heç bir media fəaliyyət göstərə bilmir. Bəzən deyirlər ki, alman mediası istənilən yazını yaza bilər. Bu heç də belə deyil. İkinci dünya müharibəsindən bu yana Almaniya mətbuatı dövlət maraqlarından çıxış edir. Almaniya dövləti Füzulidə qətlə yetirlən 2 yaşlı Zəhranın faciəsinin dünyaya çatdırılmasında maraqlıdırsa, bu, alman KİV-ində gedəcək. Bu İngiltərədə də, Fransada və digər bu kimi ölkələrdə də belədir. MDB ölkələrində kifayət qədər fərqli media qurumları var. Burada da Azərb aycan jurnalistlərinin fəallığı nümayiş olunmadı. 2016-cı illə müqayisədə səfirliklər və diasporanın işində irəliləmə var. Amma daha da fəal olmalıdır. 2 yaşlı Zəhranın qətli bizə imkan verir ki, bu məsələni dünya ictimaiyyətinə çatdıraq. Qeyd edim ki, NATO Parlament Assambleyasında, ATƏT PA-da, QİƏTD-də deputatlarımız kifayət qədər fəallıq göstərdilər. Düşünrəm ki, bunu daha irəli apara bilərdik. Çox təəssüf, biz körpə uşağı itirmişik. Hesab edirəm ki, həm Azərbaycan jurnalistlərinin, səfirliklərin, diasporanın məsləyə yeni yanaşmasına ehtiyac var. Hər bir ölkə ilə, xalqla onun başa düşəcəyi, qəbul edəcəyi dildə danışmaq lazımdır. Biz Parlament Jurnalistlər Birliyinin təşəbbüsü ilə Türkiyəyə müraciət etdik və bəyanat aldıq. Türkiyədəki jurnalistlər Ermənitsanı ikinci İŞİD adlandırdılar. Ümumən Azərbaycan daxilində jurnalistlərimiz çox yaxşı işlədilər. Hesab edirəm ki, xariclə işləyən media nümayəndələrinə daha çox dəstək vermək lazımdır.
"Ölkə.Az xəbər portalının baş redaktoru Məmməd Gülməmmədov:"Əvvəla deyim ki, iyulun 4-də erməni silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin müki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə və qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində həlak olan 50 yaşlı Sahibə Quliyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın ölüm xəbəri bir azərbaycanlı kimi məni çox kədərləndirib. "Ölkə.Az kollektivi olaraq biz həlak olan insanlarımıza Allahdan rəhmət, yaxınlarına isə səbr diləyirik. Ermənilərin törətdiyi bu qanlı hadisəni də qətiyyətlə pisləyirəm. Təbii ki, düşmən mediası bu hadisəni ört-basdır etməyə çalışır. Belə olan halda Azərbaycan mediası da peşəkar və ayıq-sayıq hərəkət etməli, ermənilərin ifşa olunmasında səylərini daha da artırmalıdır.
Son bir neçə gündə müşahidələrim onu deməyə əsas verir ki, hər zaman olduğu kimi, bu dəfə də beynəlxalq ictimaiyyətdə erməni təəssüfkeşliyi, xristian həmrəyliyi halları mövcuddur. Misal üçün, Avropada adi bir hadisə yaşananda, həmin məsələ az qala dünya mediasının əsas gündəminə çevrilir. Ancaq dünyanın gözü qarşısında azyaşlı körpə və yaşlı qadın iriçaplı silahlarla öldürülür, mülkü əhalinin başına bomba yağdırılır, ancaq heç bir Qərb təşkilatları Ermənistana sözlə xəbərdarlıq belə etmir, qınamır. Bütün bunların fonunda biz beynəlxalq mediadan nə gözləməli idik? Onsuz da bizim beynəlxalq media dediyimiz həmin KİV-lərin əksəriyyəti Qərbin, Avropanın ayrı-ayrı qurumlarının təsir dairəsində fəaliyyət göstərir.
Ancaq Azərbaycana hər zaman olduğu kimi, bu dəfə də qardaş Türkiyə mediasının dəstəyini hiss etdi. Bu hadisə barədə xəbərləri ilk yayanlardan biri məhz Türkiyənin "Anadolu dövlət xəbər agentliyi oldu. Türkiyənin ayrı-ayrı tanınmış siyasətçiləri, rəsmi şəxsləri və vətəndaş cəmiyyəti nümayəndələri də son hadisələrlə bağlı öz fikirlərini bildirdi, Azərbaycanın yanında olduqlarını bəyan etdilər. Bu da gözlənilən idi. Çünki Türkiyə bizim ən yaxın və səmimi dostlarımızdan biridir. Bu baxımdan da cəbhədə törədilən son hadisələrlə bağlı xəbərlərin dünya mediasına çıxmasında Türkiyə mediasının da böyük rolu var.
Ancaq Azərbaycanın bir sıra xarici dillərdə fəaliyyət göstərən peşəkar media qurumları da son hadisələrlə bağlı peşəkarlıq nümayiş etdirib. Hesab edirəm ki, gələcəkdə bu istiqamətdə səyləri daha da artırmaq lazımdır.
Müstəqil İnformasiya Agnetliyinin (Mia.az) baş redaktoru Zaur Əhməd: "Bu məsələyə münasibət hər kəsdə eynidir. Ermənilərin bu vəhşiliyinin adı terrordur, vandalizmdir. Artıq rəsmi, qeyri-rəsmi qurumlar, beynəlxalq təşkilatlar, bır sıra xarici dövlətlərin nümayəndələri mövqelərini bildiriblər. Hər kəs baş verən faciəvi hadisəyə görə Ermənistanı və bu vəhşi siyasətin sahiblərini suçlayır. Azərbaycan cəmiyyətinin də mövqeyi sərtdir, nifrət doludur. Xocalı faciəsində olduğu kimi, ermənilər yenə də uşaq, qoca, qadın, xəstə demədən öz erməni xislətlərini ortaya qoyublar. Artıq yetər, ağlamaq, sızlamaq, yas tutmaq lazım deyil. Bir vətəndaş, müharibənin acısını yaxından dadmış şəhid övladı, elə jurnalist kimi müharibənin başlanmasını, minlərlər Zərhanın qisasının alınmasını tələb edirəm. Hansı böyük gücün nə deməsindən asılı olmayaraq, ya bu taleyi dəyişməliyik, ya da bütövlükdə məhv olmalıyıq. Bunun başqa yolu yoxdur. Zatən bu düzən belə davam elədikcə, bütün mənalarda məhv olub gedəcəyik. Ölümün də şərəflisini arzulamaq lazımdır. Azərbaycan mediası üzərinə düşəni edir və bundan sonra da edəcək. Yerli media bütün spektrlərdən baş verən hadisəni işıqlandırır, müxtəlif dillərdə xarici mətbuata da məlumatlar ötürülüb. Amma görünən odur ki, dünya mediası bizə qarşı ikili standartla yanaşır. Gün ərzində izlədiyim bir sıra xarici kanallar, saytlar var ki, bu hadisə lazımi səviyyədə işıqlandırılmadı. Hətta türk mediasında da bu məsələyə diqqətin yetəri qədər olmadığını düşünürəm. Hesab edirəm ki, bu səbəbdən də öz işimizi özümüz görməliyik.