Xəbər verdiyimiz kimi, iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub.
Artıq ermənilərin törətdiyi bu cinayətlə bağlı bir çox ölkələr və beynəlxalq təşkilatlar bəyanat yayaraq Ermənistanı qınayıblar.
Müharibənin qaçılmaz olduğunu sözləyənlərdən biri də "Şöhrət" ordenli xalq artisti Niyaməddin Musayevdir.
O Unikal.org-a açıqlamasında bildirib ki, düşmən tərəfindən açılan atəş nəticəsində qətlə yetirilən Zəhra balamızın ölümü onu və ailəsini sarsıdıb: "Hesab edirəm ki, bu, düşmənin növbəti vicdansızlığıdır. "Prezidentimizin çıxışında var ki, əgər imkan varsa, münaqişə sülh yolu ilə həll edilsin. Bu çox gözəl bir haldır. Əks halda mütləq müharibə qaçılmazdır. Bu gün Azərbaycan Ordusu çox güclüdür. Xalqımız da istəyir ki, bu münaqişəyə son qoyulsun və düşməni işğal etdiyi torpaqlardan qovsun. Bunun da təbii ki, sonda bir yolu var, bud a müharibədir.
N.Musayev əlavə edib ki, 18 aylıq Zəhranın şəkilləri onu çox üzüb: "Onun üzündə qan olan şəkillərini ürək ağrısı ilə izlədim.
Xalq artisti deyib ki, artıq Zəhranın ölümü ilə bağlı musiqi bəstələyib: "Mahnının sözləridə özümə aiddir. Artıq aranjimana vermişəm. Hazır olan kimi Zəhra ilə yanaşı, düşmən gülləsi nəticəsində dünyasını dəyişən digər körpə balalarımızın görüntüləri ilə yayacağam.
Neçə əsirlərdir adın var sənin,
Ölkələr içində Azərbaycanım,
Necə mehribansan, necə gözəlsən,
Ölkələr içində Azərbaycanım.
Dünyaya car çəkib sülh deyən xalqım
Günahsız körpənin, günahsız xalqın,
Halına yanansan Azərbaycanım.
Belə bir şeir üzərində musiqini bəstələdim. İnşallah bu musiqini ürək ağrısı ilə Azərbaycan xalqına çatdıracam.
Zaurə Əmirova