İyulun 4-də ermənilərin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində yaralanan 1965-ci il təvəllüdlü Sərvinaz Quliyeva yerləşdiyi hərbi hospitaldan mülki xəstəxanaya köçürülüb.
Unikal.org bildirir ki, bu barədə Trend-ə Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov deyib.
Onun sözlərinə görə, S.Quliyeva bu gün Füzuli Rayon Mərkəzi Xəstəxanasının tabeliyində olan Horadiz Şəhər Xəstəxanasına köçürülüb.
"Xəstənin bədənindəki bütün qəlpələr çıxarılıb. Xəstə üzərində təkrar əməliyyatın aparılmasına ehtiyac yoxdur. Xəstənin sağlamlıq durumu yaxşılaşır. Vəziyyəti stabildir və qənaətbəxş hesab olunur. Hazırda xəstə ciddi nəzarət altındadır.
Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.