Şabranlı təsərrüfatçı Rəşad Novruzov pomidor sahəsində qeyri-adi halla rastlaşıb. Onun yetişdirdiyi pomidorların forması görənləri təəccübləndirir.
Unikal.org azertac-a istinadən xəbər verir ki, Rəşad Novruzov rayonun Rəhimli kəndində bir hektara yaxın sahədə pomidor becərir. Təsərrüfatçı bu il pomidorun "Sultan adlanan növünü əkib. Məhsul yetişmək ərəfəsində olanda isə kiçik bir ərazidə pomidorların formasının fərqli olduğunu müşahidə edib. Buradakı şitillərin üzərində olan pomidorlar formasına görə ilk baxışda kələmi və ya hansısa ekzotik gülü xatırladır.
İlk dəfədir belə halla rastlaşan Rəşad Novruzov bu çatışmazlığın toxumlarda və ya şitillərdə olan hər hansı xəstəliklə əlaqəli baş verdiyini ehtimal edir. Bundan başqa, həmin pomidorların başqa tərəvəzlərlə tozlanması da buna səbəb ola bilər.
Təsərrüfatçı bildirir ki, pomidorun qeyri-adi formada yetişməsi məhsuldarlığa mənfi təsir göstərməyib. Həmin şitillərin üzərində də bol məhsul var.
Şabranlı təsərrüfatçı qeyri-adi formada olan pomidorları qızardıqdan sonra hansı formada olacağını müşahidə etmək üçün tam yetişənədək tağda saxlamaq fikrindədir.