Ölkəmizdə iqlim dəyişkənliyi daha çox özünü bir-iki aylıq yağıntının bir-iki gün ərzində düşməsi, güclü küləklər, onların sürət və istiqamətinin dəyişməsi, paytaxtda küləklər azalanda Lənkəran-Astara bölgəsində artması, dolu yağması, sellər, daşqınlar, subasmaların çoxalması və temperaturun kəskin artıb-azalması ilə göstərir. Ehtimal edilir ki, yay aylarında dünyada proqnozlaşdırılan "cəhənnəm istiləri müşahidə olunmayacaq. Bakı və Abşeron yarımadasında iyul-avqust aylarında havanın orta temperaturu 30-32 dərəcə arasında dəyişəcək.
Unikal.org bildirir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov AZƏRTAC-a məxsusi müsahibəsində məlumat verib.
Onun dediyinə görə, XXI əsrin sonuna kimi dünyada havanın orta temperaturu 2,5-3,2 dərəcə arta bilər. Lakin "Paris İqlim Sazişində orta temperaturun 2 dərəcədən çox yüksəlməməsi əksini tapıb. Əslində temperaturun artıb-azalması min il ərzində baş verir, amma indi bunun üçün bir əsr də kifayət edir. Qlobal istiləşmənin sonu isə qlobal soyuqlaşma ilə nəticələnə, buzlaşma dövrü başlaya bilər.