İyulun 8-də Bakı Şəhər Baş Polis İdarəsində 2017-ci ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Unikal.org xəbər verir ki, Baş İdarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov 2017-ci ilin birinci yarısının yekunlarının hərtərəfli təhlil olunduğu, nöqsan və çatışmazlıqların vurğulandığı geniş məruzə ilə çıxış edib.
Qeyd edilib ki, hesabat dövründə paytaxtda Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə 6.094 (2016-cı ildə 6.644) cinayət qeydə alınıb ki, onların da 82,4%-i (5.024-ü) az ağır və böyük ictimai təhlükə törətməyən, 17,6%-i isə (1.070-i) ağır və xüsusilə ağır növlər olub. 2016-cı ilin eyni dövrü ilə müqayisədə şəxsiyyət əleyhinə cinayətlər 3,4%, o cümlədən adam öldürməyə cəhdlər 46,2% azalıb.
Cinayətlərin 79,9%-nin (79,6%), ağır növlərinin 81,0%-nin (80,7%), qeyri-aşkar şəraitdə baş verənlərin 71,1%-nin (69,2%) açılması təmin olunub. Şəxsiyyət əleyhinə olan 892 cinayətdən 94,9%-i (96,3%), o cümlədən qəsdən adam öldürmələrin 96,8%-i (96,7%), adam öldürməyə cəhdlərin 100%-i (100%) açılıb.
Müqayisə edilən dövrlə nisbətdə ümumi cinayətlərin açılması 0,3%, qəsdən adam öldürmələr 0,1%, qəsdən sağlamlığa ağır zərər vurmalar 1,9%, mülkiyyət əleyhinə olan cinayətlər 2,4%, o cümlədən xüsusi əmlak oğurluqları 4,6%, mənzillərdən edilən oğurluqlar 3,5%, mal-qara oğurluğu 8,4%, avtonəqliyyat oğurluğu 36,7%, soyğunçuluqlar 9,2%, quldurluqlar 9,0%, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması isə 0,8% yaxşılaşıb.
Cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin böyük əhəmiyyəti olub. Baş İdarənin və ərazi polis orqanlarının "Təhlükəsiz şəhər xidmətinin operatorları tərəfindən 2.669 hadisə aşkarlanıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 206 bağlı cinayət işi açılıb.
51 soyğunçuluq və quldurluq cinayəti törətmiş 76 nəfərdən ibarət 34 qrup, eləcə də 66 mənzil oğurluğu törətmiş 83 nəfərdən ibarət 39 cinayətkar qrup ifşa olunub. Narkotiklərlə bağlı aşkar edilən 468 (721) fakt üzrə qanunsuz dövriyyədən 234 kq-dan çox (+26 kq 900 qr) narkotik vasitə çıxarılıb.
Paytaxt ərazisində baş verən 297 (323) yol-nəqliyyat hadisəsində 84 (73) nəfər həlak olub, 264 (342) nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 8,0%, xəsarət alanların sayı isə 22,8% azalsa da, həlak olanların sayı 15,1% artıb.
Mülkiyyət əleyhinə olan cinayətlərin, o cümlədən mənzillərdən edilən oğurluqların qarşısının alınmasında mühüm rol oynayan mühafizə-siqnalizasiya vasitələrinin tətbiqi üzrə təbliğat işinə də diqqətlə yanaşılaraq 492 (704) müvafiq müraciətdən 341-nin (407) icrası təmin olunub.
Paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılıb, qanunsuz keçirilməsinə cəhd göstərilən aksiyaların qarşısı alınıb, şəhər miqyasında keçirilən çoxsaylı kütləvi tədbirlərdə, yüksək səviyyəli ali qonaqların gəlişi ilə bağlı keçirilən IV İslam Həmrəyli Oyunları və "2016 Formula-1" kimi beynəlxalq tədbirlərdə ictimai asayişin mühafizəsi nümunəvi təmin olunub. İstintaq işlərinin və təhqiqatın aparılması, vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi, onların ərizə və müraciətlərinə baxılması, habelə Bakının polis orqanlarının fəaliyyət dairəsinə aid digər sahələrdə də müəyyən işlər görülüb, qarşıya qoyulmuş vəzifələr bütövlükdə təmin edilib.
Bakı polisinin bir sıra xidmət və ərazi polis orqanlarının rəisləri məruzə ətrafında çıxış edib, mövcud nöqsan və çatışmazlıqlar xüsusi qeyd olunub, onların aradan qaldırılma yolları hərtərəfli müzakirə edilib.
Bakı şəhər BPİ-nin rəisi Mirqafar Seyidov əməliyyat müşavirəsinə yekun vuraraq, Bakı polisinin 2016-cı ilin 1-ci yarısındakı xidməti fəaliyyətini ümumən müsbət qiymətləndirib, nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində öz tapşırıq və tövsiyələrini verib. Baş İdarənin rəisi dövlət rəhbərliyinin paytaxtda əmin-amanlıq, təhlükəsizlik məsələlərinə xüsusi əhəmiyyət verdiyini və bu sahədə qarşıda duran vəzifələri müşavirə iştirakçılarının diqqətinə çatdırıb.