BDU-nun "İlahiyyat" fakültəsinin dekan müavini Nigar İsmayılzadənin həbs elətdirmək istədiyi tələbə Zəka Mirağayev axtarışa verilib.

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, Yasamal rayon Məhkəməsində keçirilən prosesdə Nigar İsmayılzadənin vəkili Kamandar Nəsibov tələbə haqqında həbs-qətimkan tədbirinin seçilməsini təklif edib: "Həbs-qətimkan tədbiri seçilməsə, mümkün deyil onu tapmaq. O, məhkəmə prosesində bizi avara eləyib. Müxtəlif bəhanələrlə prosesi uzadır".

Tələbənin vəkili Elçin Sadıqov isə buna etiraz edib.

Hakim qısa müşavirə edərək Zəka Mirağayevin axtarışa verilməsi haqda qərar elan edib. Qərarın icrası Yasamal Rayon Polis İdarəsinə həvalə olunub.
Qeyd edək ki, BDU-nun "İlahiyyat" fakültəsinin dördüncü kurs tələbəsi olan Zəka Mirağayev mətbuata açıqlamalarında fakültədəki neqativ hallardan, korrupsiyadan şikayətlənib. Bildirib ki, Nigar İsmayılzadə dekan müavini təyin olunandan sonra rüşvət halları artıb.
Dekan müavini də buna görə onu məhkəməyə verərək, CM-nin 147 (böhtan) və 148 (təhqir) maddələri ilə cəzalandırılaraq, həbs olunmasını tələb edir
Onu da qeyd edək ki, Zəka Mirağayev məhkəmənin BDU rəhbərliyinin təzyiqi altında ədalətsiz qərar çıxaracağına və doğruları dilə gətirdiyinə görə həbs olunacağına əmin olduğu üçün ölkəni tərk edib.