Ağdaş Mərkəzi Rayon Xəstəxanasında ölüm hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, Qəbələ rayon Qaradeyin kənd sakini, 2008-ci il təvəllüdlü Mehralıyev Seymur Qoşqar oğlu sağ said sümüyünün sınığı ilə xəstəxanaya gətirilib.
Xəstəni qəbul edən həkim İdris Əliyev azyaşlının əməliyyat olunmasını məsləhət görüb. Uşağı əməliyyata hazırlayan həkim Nizaməddin Məsimov ona narkoz verib. Azyaşlı əməliyyata girərkən qəfildən ölüb.
Yenicag.az saytına açıqlama verən mərhumun atası Qoşqar Mehralıyev hadisənin təfərrüatını danışıb. O, həkimdən şikayət edəcəyini də bildirib:
"Oğlum Seymur evimizin pilləkənindən yıxıldı, qolu sındı. Əvvəlcə sınıqçıya apardıq. Sınıqçı da qolunu bağladı. Yara sağaldı, amma gördük ki, qolu əyri bitişib. Apardıq rentgenə, sümüklərin əyriliyi təsdiqləndi. Sonra uşağı götürüb, getdim Ağdaşa... İdris həkim dedi ki, əməliyyat olunmalıdır. Əməliyyatı 650 manata danışdıq. Həkimə dedim ki, problem olmaz? Dedi ki, məni bütün Azərbaycan tanıyır. Əməliyyatın heç bir riskinin olmadığını dedi. 10 manat da analizə pul verdim. Bütün iynə-dərmanı da aldırdı. Sonra da narkoz vurub, balamı öldürdü. Uşağın 3 mərasimi başa çatandan sonra həkimdən şikayət edəcəm".