Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbaninin yeni layihəsi olan "Məsum Zəhra elegiyasının təqdimatı keçirilib.

Bu barədə Unikal.org-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində həlak olmuş yaşyarımlıq Zəhra Quliyevanın timsalında erməni vandalizminin qurbanı olan günahsız körpələrin xatirəsinə həsr edilən əsərin sözləri layihə müəllifinə, bəstəsi və aranjimanı isə Fərahim Sadiqə məxsusdur. Elegiya Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solist-vokalçılarından olan Əməkdar Artist Cahangir Qurbanovun və Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin əsgər xorunun ifasında lentə alınıb.
Əlahiddə Ümumqoşun Ordunun, qoşun növləri və qisimlərinin, eləcə də birlik, birləşmə, hərbi hissələrin şəxsi heyətlə iş üzrə komandir müavinlərinin, psixoloqların iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin erməni təcavüzü nəticəsində öldürülən dinc əhalinin-uşaqların, qocaların, qadınların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev bildirib ki, bir neçə gün öncə Füzuli rayonunun Alxanlı kəndinin ermənilər tərəfindən minaatan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində günahsız körpə Zəhra Quliyevanın və onun nənəsinin həlak olması, bir nəfərin isə ağır xəsarət alması erməni qəddarlığının davamıdır.
Müdafiə Nazirliyinin zabiti A.Qurbani layihənin ideyası, məzmunu barədə ətraflı məlumat verərək yaradıcı qrupu tədbir iştirakçılarına təqdim edib, Müdafiə Nazirliyi nəzdində Sənədli və Tədris Filmləri Kinostudiyasında bu elegiyanın motivləri əsasında "Məsum Zəhra qısametrajlı filminin artıq çəkilişlərinə başlanıldığını nəzərə çatdırıb.
Əməkdar artist Cahangir Qurbanov və əsgər xorunun ifasında elegiya tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Milli Məclis sədrinin müavini, ATƏT-in Parlament Asambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova bütün xalqımız kimi onunda Alxanlı faciəsindən, dinc əhalinin atəşə tutulmasından sarsıldığını bildirib.
Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının gündən-günə daha da yüksəldiyindən fərəh hissi ilə danışan B.Muradova hərbi qulluqçuların vətənpərvərlik, Vətənə, dövlətə sədaqət ruhunda formalaşması, eləcə də mülki əhalinin bu istiqamətdə tərbiyə olunması məqsədi ilə Müdafiə Nazirliyinin yerli İcra Hakimiyyəti orqanları ilə birgə fəaliyyətini xüsusi ilə qeyd edib, iştirakçısı olduğu "Horadizdə zəfər yürüşü, "Sənə inanırıq ölkə rəhbəri, sənə güvənirik Vətən əsgəri! tədbirlərini xatırlayıb.
Təqdim edilən elegiyanın aktuallığını və böyük əks-səda doğuracağına əminliyini bildirən Milli Məclis sədrinin müavini yaradıcı heyətə uğurlar arzulayaraq deyib: "Ermənistan birdəfəlik dərk etməlidir ki, cari status kvoya güvəndikcə öz müstəqilliyini, gələcəyini təhlükə altında qoyur və regionda siyasi oyunların yenə də alətinə çevrilir. Onlar öz murdar niyyətlərindən nə qədər tez əl çəksələr, işğal olunmuş əzəli Azərbaycan torpaqlarını boşaltsalar, erməni xalqı üçün bir o qədər önəmli olacaqdır".
Cəbhə bölgəsindən gələn zabit Elşad Əbilov faciə baş verən günü xatırlayaraq yerli əhalinin əsl vətənpərvərlik, təmkin, dözüm nümayiş etdirdiyini, bir nəfərin də kəndi tərk etmədiyini və əli silah tutan hər kəsin intiqam hissi ilə coşduğunu və döyüşçülərə qoşularaq düşmənə qarşı vuruşmağa hazır olduqlarını qeyd edib.
Filologiya elmləri doktoru, professor, AMEA-nın Nizami adına Ədəbiyyat İnistitunun şöbə müdiri Asif Rüstəmli Müdafiə Nazirliyinin bu kimi layihələrinin həmişə aktual və əhəmiyyətli olduğundan danışıb.
Elegiyanın sözləri ilə müsiqisinin bir-birini tamamladığını, ifaçının peşəkarlığını və əsərin ümumilikdə qırğına, terrora, erməni vandalizminə qarşı etiraz notası olduğunu qeyd edən tədqiqatçı-alim "Məsum Zəhra qısametrajlı filminin tezliklə başa çatacağına və geniş tamaşaçı auditoriyasına çıxarılacağına əminliyini bildirib.
Qonaqlara və tədbir iştirakçılarına "Məsum Zəhra elegiyası yazılmış disklər təqdim edilib.