Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda həbsdə olan blogger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Unikal.org-un APA-ya istinadən məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqı başa çatıb. Prokuror çıxış üçün vaxt istəyib. Proses iyulun 14-də davam etdiriləcək.

Qeyd edək ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.

A. Lapşin Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri üzrə ittiham olunur