Misir Ərəb Respublikasında fəaliyyət göstərən "Vətənpərvər - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin ofisində Azərbaycan dilinin tədrisinə başlanılıb.
Bu barədə Unikal.org-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Azərbaycan dilinin tədrisi ilə yanaşı, xalqımızın tarixi, zəngin mədəni irsinin də təbliğinin nəzərdə tutulduğunu bildirən Birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirov dərslərin həftədə 2 dəfə keçiriləcəyini və tədris prosesinin ilkin mərhələsində Misirin Qahirə və Ayn-Şəms universitetlərinin məzunlarının iştirak edəcəyini qeyd edib.
S.Nəsirov 2016-2017-ci tədris ilindən etibarən Azərbaycanın Misirdəki səfirliyinin dəstəyi ilə Qahirə Universitetində Azərbaycan dilinin tədrisinə başlanıldığını, bunun Misirin digər qabaqcıl ali təhsil müəssisələrində də təşkil ediləcəyini bildirib.