Azərbaycanda "Aİ-92" markalı avtomobil benzininin tarifindəki
dəyişikliyin yükdaşımaya, ictimai nəqliyyatda, o cümlədən, avtobusla
müntəzəm sərnişin daşımaya hər hansı aidiyyəti yoxdur.
Unikal.org xəbər verir ki, report-a istinadən xəbərinə görə, bu barədə Tarif (qiymət) Şurasından bildirilib.
"Belə ki, bu sahələrdə dizel yanacağından, bir sıra avtobuslarda isə
maye və ya sıxılmış qazdan istifadə olunur. Həmçinin, dəniz nəqliyyatı
ilə yük və sərnişin daşımalarda da dizel yanacağından istifadə edilir.
Hava nəqliyyatına gəlincə isə, bu sahədə də "Aİ-92" markalı avtomobil
benzinindən deyil, reaktiv mühərrik yanacağından istifadə olunur.
Göründüyü kimi, tarif dəyişikliyinin dizel yanacağına, aviabenzinə, maye
və sıxılmış qaza aidiyyəti olmadığı üçün yük və sərnişin daşıma
baxımından əlavə xərc yaratmır, - Şuradan qeyd edilib.
Bildirilib ki, taksi fəaliyyəti ilə məşğul olan şəxsin nəqliyyat
vasitəsi dizel ilə deyil, benzin ilə işləyən avtomobildirsə və hər 100
kilometr məsafə üçün 10 litr benzin sərf edirsə, bu halda xərc hər
kilometr üçün 2 qəpik artır, yəni 10 kilometr məsafə üçün gediş xərci 20
qəpik dəyişir. Şuradan qeyd olunub ki, bu sahədə kifayət qədər rəqabət
olduğu üçün hansısa şirkət yersiz qiymət artımına gedərsə, bu onun
müştəri itirməsi ilə nəticələnəcək.