Aprelin 12-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində şəhər icra hakimiyyəti başçısı yanında şuranın geniş iclasında ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.
Unikal.org xəbər verir ki, iclas iştirakçıları əvvəlcə cəbhə bölgəsində döyüşlərdə şəhid olan Milli Ordunun hərbi qulluqçularının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinin zəruriliyindən söz açan Taleh Qaraşov bu istiqamətdə Lənkəran rayonunda ənənəvi olan faraş tərəvəzçiliyin, çayçılığın və sitrusçuluğun inkişafı üçün görülən işlərdən danışıb, əkinəyararlı torpaq sahələrindən səmərəli istifadə olunmasının, torpaqların birləşdirilməsinin və burada xarakterik əkinlər əkməyin, iqtisadi cəhətdən səməli təsərrüfat növü olan baramaçılığın inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
İclasda 2016-cı ilin ilk üç ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələrlə bağlı şəhər icra hakimiyyəti başçısının müavini İlkin Rəhimovun məruzəsi dinlənilib.
Məruzə və çıxışlarda 2016-cı ilin birinci rübündə rayonda sosial-iqtisadi inkişafın davam etdiyi qeyd olunub, sənaye müəssisələrində, nəqliyyatda, aqrar sahədə, təhsil, mədəniyyət və səhiyyə müəssisələrində görülmüş işlərdən, sahibkarlığın inkişafı üçün yaranmış əlverişli şəraitdən və digər məsələlərdən danışılıb.
Şura iclasında müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul edilib.