Sosial şəbəkələrdə diaqnostik imtahanlarda iştirak edib az bal toplayan müəllimlərə dərs yükünün az veriləcəyi ilə bağlı foto yayılıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda yerləşən orta məktəbdə, yeni tədris ilində müəllimlərə veriləcək dərs yükü ilə bağlı xəbərdarlıqedici elan yerləşdirilib. Bildirilir ki, 2017-2018 tədris ilində müəllimlərin dərs bölgüsündə müəllimlərin diaqnostik qiymətləndirmədə ixtisas fənnindən topladığı bal nəzərə alınacaq.

Belə ki, ixtisasdan 4-6 bal toplayanlara 6, 11-15 bal toplayanlara 7-8, 16-20 bal toplayanlara 9-12, 21-30 bal toplayanlara 12-18, 31-40 bal toplayanlara 18-26 saat dərs yükü veriləcək. İbtidai sinif müəllimlərindən 15 baldan aşağı yığanlara isə sinif verilməyəcək, ancaq yığma dərslər veriləcək.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov açıqlamasında bildirib ki, dərs yükünün paylanmasında qiymətləndirmənin nəticələri nəzərə alınır: "Bu yeni məlumat deyil, həmişə belə olub. Müəllimlərin dərs bölgüsündə diaqnostik qiymətləndirmənin nəticələri nəzərə alınmalıdır".