Azərbaycanda parkinqlərlə bağlı yeniliklər edilib. "Yol hərəkəti haqqında" Qanunun 53-cü maddəsinə edilən yeniliklər artıq qüvvəyə minib.
Unikal.org avtosfer.az-a istinadən xəbər verir ki, yeniliklər parkinqlərdə əlillər üçün yerin ayrılmasını nəzərdə tutur və əlillər üçün ayrılan yerlərdə başqa sürücülərin avtomobili park etməsini qadağan edir. Bundan əlavə, parkinqdə ödənişdən artıq dayanan sürücülər barəsində elektron protokol tərtib oluna bilər. Üstəlik, ödəniş etmədən parkinqdə maşın saxlayanların da cərimələnməsi nəzərdə tutulur. Daha bir yenilik avtomobilin parkinqdə saxlanma qaydası ilə bağlıdır. Belə ki, parkinqdə nəzərdə tutulan qaydadan fərqli - parallel və ya perpendikulyar - maşın saxlamaq 20 manat cərimədir. Həmçinin, parkinqdə müxtəlif üsullarla başqa yerləri zəbt etmək də məsuliyyətə səbəb ola bilər. Bütün bunlarla bağlı mexanizm hələ işə düşməsə də, sürücülər üçün ən vacib yenilik parkinqlərdən pulsuz istifadə ilə bağlıdır.
"Yol hərəkəti haqqında" Qanunun 53-cü maddəsinin 15-ci hissəsində 15 dəqiqəyədək pulsuz parklanmaya konkret olaraq icazə verir. Həmin maddə belədir:
XV. Ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur.
Özü də nəzərə almaq lazımdır ki, bu norma tək Bakıya yox, bütün ölkəyə aiddir. Qeyd edək ki, bu yeniliklər ötən il Milli Məclisdə qəbul edilsə də, bu il iyulun 1-dən qüvvəyə minib.