Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə
Abbaszadə ilə yeni tədris proqramları (kurikulum) əsasında hazırlanması
planlaşdırılan Azərbaycan dili, rus dili, ədəbiyyat, riyaziyyat,
fizika, kimya, biologiya, tarix, coğrafiya fənlərindən vəsaitlərin
təklif olunan müəllif qrupları arasında görüş keçirilib.
DİM-dən Unikal.org-a verilən məlumata görə, görüşdə M. Abbaszadə bildirib ki,
artıq 9 ildir respublikanın ümumtəhsil müəssisələrində yeni təhsil
proqramları (kurikulumlar) tətbiq olunur və yeni məzmun standartlarına
uyğun hazırlanmış dərsliklərdən istifadə edilir.
Sədr standartlara uyğun yeni dərs vəsaitlərinin hazırlanmasının vacibliyini iştirakçıların diqqətinə çatdırıb.
İclasda "müəllif qrupları ilə yeni dərsliklərə uyğun müasir
standartlara cavab verən dərs vəsaitlərinin hazırlanması, onların
strukturu məsələsi geniş müzakirə edilib.
İclas iştirakçılarına müxtəlif siniflərdə tədris olunan mövzular üzrə
materialların şagirdlər tərəfindən daha da yaxşı qavranılması və yadda
saxlanılması üçün DİM tərəfindən hazırlanmış "video-dərs nümunələri
təqdim olunub. Dərsliklərdə olan mövzuların şagirdlərə vizual şəkildə
təqdim olunmasının əhəmiyyəti və üstünlükləri müəlliflər tərəfindən də
qeyd olunub.
İclasın sonunda "müəllif qrupları yeni dərs vəsaitlərinin
hazırlanması ilə bağlı öz təkliflərini səsləndirib. Qərara alınıb ki,
hər bir fənn üzrə ekspertlərin ayrıca görüşləri keçirilsin və yeni
tədris standartlarına (kurikuluma) uyğun dərs vəsaitlərinin
hazırlanmasına başlanılsın.