Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdindəki Bakı Ürək Mərkəzində ürək xəstəliklərinin profilaktikasında, erkən diaqnostikasında və açıq ürək əməliyyatlarının icrası sahəsində əldə olunan nailiyyətlərə həsr olunan mətbuat konfransı keçirildi.
Unikal.org xəbər verir ki, tədbirdə Bakı Ürək Mərkəzinin ürək-damar cərrahı, deputat R. Mahmudov, ET Kardiologiya institutunun Ürək çatışmazlığı şöbəsinin böyük elmi işçisi, professor T. Cahangirov və Elmi Cərrahiyə Mərkəzinin cərrahı, professor F.Abdullayev iştirak edirdi.
Tədbirdə bildirildi ki, ürək-damar xəstəlikləri bütün dünyada əlillik və ölüm hallarına görə birinci yerdədir. Ölkəmizdə də qeydə alınan ölüm hallarının 57,8 faizi ürək-damar xəstəlikləri və qan dövranı sistemlərinin pozulması ilə bağlıdır.
R.Mahmudov öz çıxışında qeyd etdi ki, bu gün ölkəmizdə hətta ən ağır əməliyyatları icra edən, tibbi və kadr baxımından tam təmin olunmuş, yüksək standartlara cavab verən kifayət qədər tibb müəssisəmiz var.
Ölkəmizdə Bakı Ürək Mərkəzi kimi tibb müəssisəsinin fəaliyyət göstərməsi Azərbaycan səhiyyəsinin növbəti uğurudur. Mərkəzin yaradılmasında məqsəd Azərbaycanda ürək xəstəliklərinin vaxtında aşkarlanmasında, müalicəsində beynəlxalq standartlara uyğun xidmətin, keyfiyyət sisteminin tətbiqinə təkan vermək, həmçinin bu sahədə çalışan peşəkarların dolğun fəaliyyətinə hərtərəfli şərait yaratmaqdır.
Bildirildi ki, "Bakı Ürək Mərkəzində həm böyüklərdə, həm də uşaqlarda ən son texnoloji nailiyyətlərə əsaslanan avadanlıq və cihazların köməyi ilə müayinə və müalicə, eləcə də invaziv-kardioloji və açıq cərrahiyə əməliyyatları həyata keçirilir.
Dünyada və Azərbaycanda ürək-damar cərrahiyyəsinin tarixindən bəhs edən Ürək və Sağlamlıq Cəmiyyətinin sədri ölkədə bu sahədə ciddi uğurlar əldə olunduğunu söyləyib: "Bu gün Azərbaycanda olmasa da, dünyada robortlar vasitəsi ilə ürək cərrahi əməliyyatları keçirilir. Gələcəkdə robortlar vasitəsi ilə ürək əməliyyatlarının artması gözlənilir. Azərbaycanda belə əməliyyatın olmamasının səbəbinə gəlinə, düşünürəm ki, bu gün bunun yeganə səbəbi maliyyədir. Xəstə üçün bu, astronomik qiymətdir. İcbari tibbi sığortanın tətbiqindən sonra bu, mümkün olar. Bu gün sadəcə, belə aparatlara illik xidmətin dəyəri 2 milyon dollardır. Gələcəkdə icbari tibbi sığortanın tətbiqindən sonra Azərbaycanda robortlar vasitəsi ilə belə əməliyyatların aparılması mümkün ola bilər. Ancaq inanın ki, heç bir robort insan qədər bacarıqlı ola bilməz. Sadəcə, həkim başqa bir otaqda oturub, digər otaqda robot vasitəsi ilə xəstə üzərində belə əməliyyat apara bilər".
Cərrahiyə əməliyyatından sonra xəstələrin müalicəsi davam etdirilir, onlar kardioreabilitasiya dövründə hərtərəfli tibbi xidmətlə əhatə olunurlar. 4 reabilitasiyanın - Nevroloji, ortopedik, kardioloji və pediatrik reabilitasiyanın aparılmasının eyni mərkəzdə cəmləşməsi də RMDM-i digər tibb müəssisələrindən fərqləndirən cəhətdir.
Mərkəzin poliklinikası da Azərbaycanda səhiyyə islahatlarının yüksək səviyyədə reallaşdırılmasına dəlalət edir. "Bakı Ürək Mərkəzində xəstələrin qəbulu və müalicəsini yüksək ixtisaslı həkim-mütəxəssislər aparırlar. Bu tibb müəssisəsinin həkim-kardioloqları əhaliyə ürək-damar sisteminin vəziyyətinin qiymətləndirilməsi, ürək-damar xəstəlikləri üzrə risk amillərinin aradan qaldırılması və profilaktikasında, uzunmüddətli müşahidə aparılmasında və hərtərəfli müalicəsində yardımçı olurlar.
Bütün bu göstəriciləri özündə birləşdirən Respublika Müalicəvi Diaqnostika Mərkəzi Amerika Birləşmiş Ştatlarının qızıl sertifikatına JCI (Joint Commission International) layiq görülüb, mərkəzi laboratoriyası isə beynəlxalq ISO sertifikatını alıb.