Mətbuatımızın 142 illiyi ərəfəsində ənənəvi olaraq jurnalistlər üçün tikilən növbəti binanın açılış mərasimini Azərbaycan Televiziyasının efirindən minlərlə tamaşaçı kimi mən də izlədim. Mənzillə təmin olunan 255 ailənin ölçüyə gəlməyən, sözə-söhbətə sığmayan sevincini bölüşmək son dərəcə xoş bir duyğu idi. Ekranda gördüyüm mənzərə dörd bir tərəfindən yenilik, inkişaf, quruculuq, abadlıq sədası gələn Azərbaycan gerçəkliyinin, Azərbaycan həqiqətinin bir parçası idi. Bu həqiqətin işığı siyasi əqidəsindən, mövqeyindən, nə və necə yazmasından asılı olmayaraq mərasimə qatılan hər bir qələm adamının üzündə-gözündə əks olunurdu.
Bu nəcib təşəbbüsünə görə Azərbaycan mətbuatının ən böyük himayədarı və dostu, möhtərəm prezidentimiz cənab İlham Əliyevə nəinki mənzil sahibləri, cəmiyyətimizin hər bir üzvü minnətdar olmalıdır. Axı Zərdabilərin, Mirzə Cəlillərin, Əli bəy Hüseynzadələrin qələmindən yol alıb gələn, böyük və zəngin tarixə malik olan mətbuatımız hər birimizin sərvətidir. Onun səhifələrində bizim hamımızın - müasir və müstəqil Azərbaycanın hər bir vətəndaşının fikri, düşüncəsi, sevinci, kədəri, arzu və inamı var. Onun səhifələrində Azərbaycanın dünyaya deyilən sözü var.
Möhtərəm Prezidentimizin bu mərasimdəki çıxışı yəqin ki, uzun müddət yaddaşlardan silinməyəcək. Azərbaycan mətbuatının müasir durumunu, tarixi-mədəni missiyasını sərrast və dolğun bir şəkildə təhlil edən ölkə başçımız həqiqətin, milli təəssübkeşlik və vətənpərvərliyin hər bir qələm sahibi üçün ən başlıca meyar olmasını dönə-dönə vurğuladı. Bəli, sözün ucalığı və şərəfi məhz bu nöqtədən başlayır.
Mərasimdə diqqətimi çəkən bir məqamı da xüsusi qeyd etmək istəyirəm.
Kürsüyə gənc bir xanım -Azərbaycan Televiziyasının İnformasiya Proqramları Studiyasının direktoru Mehriban Məmmədova qalxdı. Şühbə etmirəm ki, onun son dərəcə səmimi, mənalı çıxışı tək məni yox, ekran qarşısında əyləşən minlərlə tamaşaçını riqqətə gətirdi. Səkkiz yaşı olarkən doğma kəndi Cocuq Mərcanlıdan qaçqın düşən, həyatın bütün çətinliklərinə sinə gərərək uğurlu karyera quran, bu gün Azərbaycan Televiziyasında ən mürəkkəb, məsuliyyətli, operativ bir sahəyə rəhbərlik edən bu gənc jurnalistin həyat tarixçəsi çox ibrətamiz idi. Ölkəmizdə məcburi köçkünlərə, eləcə də gənc mütəxəssislərə göstərilən yüksək dövlət qayğısına bundan bariz misal ola bilərmi? Mehriban xanımın səlis və məntiqli nitqi, obrazlı danışığı, aydın vətəndaş mövqeyi ən xoş bir təəssürat yaratdı.
Ona qulaq asanda qeyri-ixtiyari "əhsən dedim. Və düşündüm ki, əsl ailə televiziyası, əsl milli televiziya olan AzTV -nin gücü zəngin arxivindən, ən müasir standartlara uyğun texniki imkanlarından daha çox peşəkar, bacarıqlı kadrlara malik olmasındadır. Altmış ildir xalqımızın siyasi, iqtisadi, mədəni tarixinin salnaməsini yaradan bu həmişəcavan televiziyada Mehriban Məmmədova kimi peşəkar mütəxəssislərin yetişməsi və irəli çəkilməsi bir daha bu qurumdakı düzgün kadr siyasətindən, gənclərə qayğıdan, bütövlükdə sağlam yaradıcılıq ab-havasından xəbər verir. Azərbaycan Televiziyası milli teleməkanda lider və örnək rolunu hər zaman qoruyub və onun əldə etdiyi uğurlar vətənini, xalqını sevən, onun gələcəyini düşünən hər bir kəsin qazancıdır.
Mən bir ziyalı olaraq bu dəyərli mərasimdən, Azərbaycan mətbuat tarixinə həkk olunan mühüm hadisədən aldığım təəssüratı bölüşməyi vətəndaş borcu saydım. 142 yaşın, azad sözün, azad çağın mübarək olsun, milli və doğma mətbuatımız!
Şair, publisist Musa Ələkbərli