Mətbuat Şurası (MŞ) Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.
Şuradan unikal.org-a verilən məlumata görə, məktubda bildirilib ki, dövlət başçısının jurnalistlərlə hər görüşü nəinki ölkəmizin media ictimaiyyəti, bütövlükdə cəmiyyətimiz üçün mühüm əhəmiyyət daşıyan hadisədir.
"2017-ci ilin 20 iyul tarixindəki görüş də bu baxımdan xüsusi vurğulanmalıdır. Həmin toplantıda "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında 22 iyul 2013-cü il tarixli sərəncamınız əsasında inşa edilmiş hündür mərtəbəli yaşayış binasının açılışını etdiniz. 255 jurnalistə və onların ailə üzvlərinə sözlə ifadə edilməyəcək hədsiz sevinc və inanılmaz qürur hissini yaşatdınız. Sıralarında tanınmış mətbuat orqanlarını, jurnalist təşkilatlarını, elektron informasiya resurslarını birləşdirən Azərbaycan Mətbuat Şurası buna görə Sizə bütövlükdə ölkəmizin media ictimaiyyəti adından dərin minnətdarlığını bildirir, - deyə məktubda vurğulanıb.
Məktubda qeyd olunub ki, Azərbaycan prezidentinin jurnalistlər üçün inşa edilmiş binanın açılış mərasimindəki proqram xarakterli çıxışı Azərbaycan dövlətinin media siyasətinə bəslənilən inam və əminliyi bir daha artırır: "Media təmsilçilərimiz sizi ölkədə mövcud söz və ifadə azadlığının təminatçısı qismində görürlər. Kütləvi informasiya vasitələrimizin vətəndaş cəmiyyəti, demokratik hüquqi dövlət quruculuğundakı missiyasının ətraflı təhlilini verməyiniz, apardığınız müqayisə və paralellər qətiyyətlə onu deməyə əsas verir ki, təməlini ümummilli liderimiz Heydər Əliyevin qoyduğu, Sizin yüksək səriştə və bacarıqla davam etdirdiyiniz media siyasəti qələm sahiblərimizi yeni uğur və müvəffəqiyyətlərə daşıyacaq. Uğurlarımız isə bu gün də var. Hazırda Azərbaycan mediası Qafqaz regionunda maddi-texniki təminat, yaradıcılıq dəsti-xətti, operativlik, dəqiqlik, qərəzsizlik və digər keyfiyyətlər baxımından lider mövqeyə malik olmaqla dünyanın regionla bağlı mühüm informasiya mənbəyidir.
Məktubda ölkə prezidentinin "Jurnalistlərin dostu mükafatının qalibi elan edilməsi barədə də söz açılıb. Bildirilib ki, dövlət başçısının üçüncü dəfə "Jurnalistlərin dostu mükafatının qalibi adını qazanmasını şərtləndirən ən mühüm cəhət onun ümumən 2003-cü ildən indiyədək həyata keçirdiyi fəaliyyətə bəslənilən dərin rəğbətdir: "Azərbaycan müstəqil dövlət olaraq dünyada özünə layiqli yer tutub, beynəlxalq aləmdə onunla hesablaşırlar, irəli sürdüyü prinsiplər dünya düzəninin formalaşmasına təsir göstərir, ölkəmizin iqtisadi və hərbi qüdrətinin artım dinamikası heyrətamiz rəqəmlərlə ölçülür, insanlarımız rifah şəraitində, təhlükəsizlik mühitində yaşayırlar. Buna görə də siz təkcə medianın deyil, bütövlükdə Azərbaycan xalqının dostusunuz. Həyata keçirdiyiniz nəhəng tədbirlər hər bir azərbaycanlının baxışlarındakı tarixi şəxsiyyət obrazınızı jurnalist yaradıcılığının aktual mövzusuna çevirir.