Azərbaycanda müxalifət qocalıb, yəni eyni şəxslər, eyni simalardır.

Unikal.org bildirir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, dünya praktikasında belədir ki, siyasi təşkilatlar bir neçə dəfə seçkidə iştirak edirsə və uğur qazana bilmirsə, onların rəhbərliyində və tərkibində geniş dəyişikliklər olur və yaxud da o təşkilat uzun müddət siyasətdən çəkilir:

"Bizdə isə müxalifət partiyaları çalışır ki, hansı formada olursa-olsun, seçki prosesində iştirak etsinlər. Onlar seçki rəsmi şəkildə elan olunandan sonra seçkiyə hazırlaşırlar. Seçkiyə hazırlıq əslində, daha əvvəldən başlamalıdır. Azərbaycanda müxalifət partiyaları ömür boyu seçkilərə hazırlaşmayıblar. Sadəcə olaraq, seçkidə iştirak ediblər. Seçkiyə hazırlıq başqadır, iştirak başqa və o cür iştirak da ancaq məğlubiyyətlə nəticələnə bilər. Çünki müxalifətin sosial bazası, elektoratı, kadr bazası yoxdur, yeni proqramlarla çıxış edə bilmirlər. Bu gün Azərbaycanda ölkə rəhbərliyi, iqtidar tərəfindən problemlər öyrənilir, vaxtında onların həlli tapılır. Cəmiyyət isə mütəmadi olaraq əhalinin güzəranının yaxşılaşdırılmasını, yeni iş yerlərinin açılmasını, iqtisadi və sosial islahatların aparılmasını, abadlıq, quruculuq işlərinin həyata keçirildiyini görür. Müxalifət isə bu günə kimi hər hansı alternativ layihə ortaya qoya bilməyib".

S.Novruzov bildirib ki, müxalifətin seçkilərdə iştirakının əsas məqsədi pul qazanmaqdır: "Çalışırlar ki, xaricdən vəsait əldə etsinlər. Bu gün xaricdə Azərbaycanı gözü götürməyən qüvvələr, xüsusilə erməni lobbisi var. Azərbaycanda marağı olan bəzi dövlətlər və təşkilatlar, ölkəmizin güclü olmasını istəməyən qüvvələr var və bunlar seçkilərdə bu və ya digər şəkildə pozuculuq işləri həyata keçirməyə və seçki prosesinin üzərinə kölgə salmağa, dövlətimiz haqqında mənfi rəy formalaşdırmağa cəhd edirlər. Həmin qüvvələr isə pozucu cəhdləri bu cür insanlar vasitəsilə həyata keçirməyə çalışırlar".