Xəbər verdiyimiz kimi, iyulun 4-də Ermənistan silahlı bölmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub.
Zəhra Quliyevanın atası Elnur Quliyev Unikal.org-a açıqlamasında bildirib ki, avqust ayının 13-də 40 mərasimi keçiriləcək. Onun sözlərinə görə, bu mərasimdə hər kəs iştirak edə bilər: "Artıq qızım Zəhra və anam Quliyeva Sahibənin məzar daşları hazırdır. Sabah qəbirlərin üzərinə qoyulacaq. Məzar daşları üçün Füzuli İcra Hakimiyyəti 2400 manat xərc çəkib. Eyni zamanda, 3-7 mərasimlərinin təşkil üçün bizə 1000 manat pul veriblər. Həmçinin, məni aylıq məvacibi 121 manat olan "Yol İdarəsinə işə götürüblər".
E.Quliyev ona maddi yardım edilməsi və ev verilməsi barədə mətbuatda yer alan xəbərlərə münasibət bildirib. Onun sözlərinə görə, son vaxtlar bəzi informasiya portalarında ailəsinə dövlət tərəfindən ev və pul verilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: "Bu, yalan söhbətdir. Bir daha qeyd edirəm ki, anamın və qızımın 3-7 mərasimi İcra Hakimiyyəti tərəfindən təşkil edilib. Qalan yas mərasimləri öz maddi vəsaitimiz hesabına baş tutub. 40 mərasimini də özümüz təşkil etməyi düşünürük. Xahiş edirəm ki, mətbuatda bizimlə bağlı dəqiqləşdirilməmiş hər hansısı bir məqalə yayımlanmasın".