İyulun 31-də Sumqayıtın 10-cu mikrorayon ərazisində quduz it 5 yaşlı şəhər sakini Mikayılzadə Zeynəb Elçin qızını dişləyib.
Unikal.org xəbər verir ki, Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev AzVision.az-a bildirib ki, it uşağın başından dişləyib, hazırda azyaşlı ölümcül vəziyyətdədir.
"Ailəsi qızı Sumqayıt şəhər Travmatologiya Xəstəxanasına gətirib. Gətirilən kimi müəyyən olunmuş dozada uşağa 2 dəfə vaksin vurulub. 4 gün xəstəxananın uşaq şöbəsində qalıb, sonra valideynləri evə aparıb. Evdə təzədən vəziyyəti gərginləşdiyi üçün yenidən xəstəxanaya müraciət ediblər. Onu Bakı şəhər 1 saylı Uşaq İnfeksion Xəstəxanasına göndəriblər. Orada daha bir vaksin vurulub. Buna baxmayaraq uşağın vəziyyəti ağırdır.
N.Baxşəliyev bildirib ki, azyaşlı qızın sağalma ehtimalı yoxdur:"Hazırda uşağın vəziyyəti pisdir, quduzluğun fobiyası dövründədir. Bu məsələ Tibbi Şurada müzakirə olunub. Vaksinin seriyasına baxmışam. Necə olub ki, vaxtında vaksin vurulub, amma heç bir köməyi olmayıb. Müxtəlif versiyalar var. Ola bilsin ki, uşağı keçmişdə it tutub, haçansa belə hadisə olub və ikinci dəfə it başından dişləyəndə həkimə gətiriblər. Digər ehtimal vaksinin keyfiyyətinin aşağı olmasıdır, çünki vaksin şüşədə hazırlanır. Həmçinin ehtimal olunur ki, onun immuniteti aşağıdır, kəskin hemoqlobin azlığı olub. Müqavimət aşağı olanda isə virus ildirim sürəti ilə yayılır. Bu məsələ ətraflı epidiomoloji araşdırma tələb edir. Baş pediatra bildirmişəm ki, ciddi araşdırma aparılsın. Hadisə dəqiqliklə araşdırılmalıdır ki, virus niyə sürətlə yayılıb, axı vaksin vaxtında vurulub.
N.Baxşəliyev bildirib ki, həmin gün 10 və 11-ci mikrorayon ərazisində 10 nəfəri it dişəyib:"Onların hamısına vaksin vurulub, heç birində quduzluq əlaməti yoxdur. Yalnız bu uşaqda ağırlaşma olub. İti isə artıq necə gündür tapa bilmirlər. Lazımi qurumlara tələb xarakterli məlumat verilib. Lakin heç bir iş görülməyib. Küçədə itlər insanları parçalayır. Ya bu itləri yığışdırın, ya da nəsə edin. İt insandan dəyərli olub. Ayda 4-5 nəfəri it parçalıyr və tədbir görülmür. Qalmışıq bu itlərin əlində.
***
Bakı şəhər 1 saylı Uşaq İnfeksion Xəstəxanasının baş həkiminin müavini Sərvər Hüseynli Modern.az-a açıqlama verib.
O deyib ki, Sumqayıt şəhər sakini Zeynəb Mikayılzadə bu gün vəfat edib.
"O xəstəxanaya gətirilərkən vəziyyəti çox ağır idi. Orada daha bir vaksin də vurulub. Amma həkimlərin bütün səylərinə baxmayaraq xəstə bir az əvvəl vəfat edib.