Tovuz rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutulub.
Baş Prokurorluğun mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, avqustun 25-də saat 20 radələrində Qovlar-Zəyəm avtomobil yolunun Tovuz rayonunun Əyyublu kəndindən keçən hissəsində naməlum avtomobilin sürücüsünün yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq azyaşlı piyadalar - 2005-ci il təvəllüdlü Kərimov Pərvin Habil oğlunu və 2007-ci il təvəllüdlü Məmmədova Əfsanə Elşən qızını vurub hadisə yerindən qaçması və onların aldığı xəsarətlərdən vəfat etmələri faktına görə rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin "VAZ 2107" markalı, 44 BO 067 dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü, Şəmkir rayonunun, Sabirkənd kənd sakini, 1953-cü il təvəllüdlü Vəliyev Əbülfət Hüseyn oğlu tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.